#BMT

Parlamentlərarası İttifaqın (IPU) Baş katibi Martin Çunqonqun xahişi və Azərbaycan Milli Məclisinin (parlament) sədri Sahibə Qafarovanın razılığı ilə IPU-nun Azərbaycandan olan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova avqustun 4-də Türkmənistanın Avaza şəhərində keçirilən, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə BMT-nin Üçüncü Konfransı (LLDC3) çərçivəsində təşkil olunan Parlament Forumunda IPU adından məruzə ilə çıxış edib.

BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) tərəfindən dərc olunan yeni “İqtisadi və Sosial Araşdırma” hesabatına görə, artan istilər, dəyişkən yağıntı rejimi və dəniz səviyyəsinin qalxması regionda fiskal sabitliyi, qiymət siyasətini və iqtisadi davamlılığı ciddi şəkildə sarsıdır.

BMT-nin son hesabatına görə, Türkiyə ərazisinin 88 faizi səhralaşma təhlükəsi ilə üzləşib və 21-ci əsrin sonuna qədər ölkədə yağıntıların 30 faiz azalacağı proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının 2023–2025-ci illəri əhatə edən “Dünya Quraqlıq Qaynar Nöqtələri” adlı hesabatı Aralıq dənizi hövzəsində ciddi iqlim risklərini ortaya qoyur. Hesabatda qeyd olunur ki, bölgədəki temperatur artımı torpağın rütubətini azaldır, yeraltı suların səviyyəsini aşağı salır və buxarlanmanı artıraraq su ehtiyatlarını təhlükə altına salır.

Almaniya, Fransa və İordaniya aclıq böhranı ilə üzləşən Qəzza zolağına ümumilikdə 34 palet və təxminən 14 ton yardım göndərib. Yardım əməliyyatı hava yolu ilə həyata keçirilib. Eyni zamanda, İnsan Haqları İzləmə Təşkilatı (Human Rights Watch) İsrailin hücumlarına əlavə olaraq aclığı da bir silah kimi istifadə etdiyini bəyan edib.

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.