#ABŞ İran toqquşması

İran Ordusunun Baş komandanı general-leytenant Əmir Hatəmi İran və ABŞ arasında mümkün hərbi qarşıdurma ehtimalına qarşı yüksək hazırlıq vəziyyətində olduqlarını açıqlayıb. İran ordusunun heç bir ölkəyə qarşı hücum planının olmadığını bildirən komandan əlavə edib ki, ölkəyə yönəlmiş təhdidlər cavabsız qalmayacaq və İran hərbi rəhbərliyi istənilən ssenariyə hazırdır.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın hədəf alınmasının və yeni müharibənin başlanmasının yanlış olduğunu bildirib. Fidan qeyd edib ki, İran regional nizamda mühüm mövqe tuta bilər və bunun üçün mövcud potensialından düzgün istifadə etməlidir. O, iki ay əvvəl İranda rəsmi səfərdə olduğunu xatırladaraq, Tehran rəhbərliyinə regionda etimadın formalaşdırılmasının vacibliyini açıq şəkildə çatdırdığını deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın İrana hərbi hücuma hazırlaşması ilə bağlı iddialara sərt cavab verib. Bəqayi həftəlik mətbuat konfransında Tehranın istənilən təcavüzə "genişmiqyaslı və peşmanedici" cavab verəcəyini bəyan edib. ABŞ-ın hücum planları ilə bağlı sualı cavablandıran Bəqayi bildirib: "İran həm öz potensialına və imkanlarına, həm də keçmiş təcrübələrinə, o cümlədən iyun ayında baş verənlərə güvənir. Hazırda daha güclü vəziyyətdəyik. İran hər cür hücuma genişmiqyaslı qarşılıq verəcək".

ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsinin göyərtəsində jurnalistlərə verdiyi bəyanatda regional münaqişələr, iqtisadi sanksiyalar və qlobal ticarət əlaqələri ilə bağlı silsilə mühüm açıqlamalar verib. Prezident Tramp "böyük bir hərbi qüvvənin" İrana doğru irəlilədiyini və ölkədəki vəziyyəti yaxından izlədiklərini bildirib. O, "İranla bağlı hər hansı bir hadisənin baş verməməsinə üstünlük verərdim" desə də, rəsmi Tehranla ticarət aparan ölkələrə qarşı elan edilmiş ikinci dərəcəli gömrük rüsumlarının tezliklə tətbiq olunacağını aydınlaşdırıb. Tramp vurğulayıb ki, əgər İran hökuməti nümayişçilərin planlaşdırılan edamlarını həyata keçirərsə, ABŞ-ın hərbi cavabı əvvəlki nüvə obyektlərinə endirilən zərbələri "heç nə" kimi göstərəcək qədər şiddətli olacaq.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a indiyədək ən sərt və birbaşa xəbərdarlıqlardan birini edib. O bildirib ki, İslam Respublikası yenidən hücuma məruz qalacağı təqdirdə “əlində olan hər şeylə” cavab verəcək. Əraqçinin bu açıqlamaları ABŞ-ın aviadaşıyıcı qrupunun Asiyadan Yaxın Şərqə doğru hərəkət etdiyi, eləcə də Karib dənizi bölgəsində Nikolas Maduronun həbsi ilə nəticələnən genişmiqyaslı hərbi fəaliyyətdən sonra əlavə qırıcı və hərbi texnikanın bölgəyə yönəldildiyi bir vaxta təsadüf edir. Qeyd edək ki, Əraqçinin Davos Dünya İqtisadi Forumuna dəvəti ölkə daxilində nümayişçilərin sıxışdırılması ilə bağlı tənqidlər fonunda geri alınmışdı.

ABŞ Prezidenti Donald Tramp fəaliyyətinin ilk ildönümü münasibətilə "News Nation" kanalına verdiyi müsahibədə İranın ona qarşı sui-qəsd təhdidləri və ölkə daxilindəki etirazlarla bağlı sərt bəyanatlar səsləndirib. İranın sui-qəsd planlarını həyata keçirmə ehtimalını şərh edən Tramp, belə bir addım atılacağı təqdirdə cavabın qəti olacağını bildirib. O, hərbi rəhbərliyə çox ciddi göstərişlər verdiyini vurğulayaraq, "Hər hansı bir hadisə baş verərsə, bütün ölkə havaya uçacaq. Onları yer üzündən siləcəklər," – deyə xəbərdarlıq edib. Tramp həmçinin sələfi Co Baydeni bu təhdidlərə qarşı kifayət qədər sərt reaksiya verməməkdə ittiham edib.

İran ABŞ Prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı açıqlamaları fonunda əksər uçuşlar üçün bağladığı hava məkanını yenidən açıb. ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) yaydığı bildirişlərə əsasən, İran hava məkanı cümə axşamı əksər kommersiya reysləri üçün müvəqqəti olaraq bağlanıb. Məhdudiyyətlər İran Mülki Aviasiya Təşkilatının (CAO) əvvəlcədən verdiyi xüsusi icazə olmadan həyata keçirilən bütün uçuşlara şamil olunub.

İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli kanallar vasitəsilə bir-birinə qarşı hücum etməmək barədə razılaşma əldə ediblər. Məlumata görə, İranda dekabrın sonlarında başlayan etirazlardan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya kanalı vasitəsilə Tehrana mesaj göndərərək bildiriblər ki, İsrail ilk hücuma məruz qalmadığı halda İrana zərbə endirməyəcək. İran tərəfi də eyni kanalla cavab verərək, hücumdan çəkinəcəyini bildirib.

İran ABŞ-ın ölkəyə mümkün hərbi müdaxiləsi halında regionda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirə biləcəyi barədə ABŞ qoşunlarına ev sahibliyi edən qonşu dövlətləri xəbərdar edib. Məlumata əsasən, ABŞ-ın regiondakı əsas hərbi obyektlərindən biri olan Qətərdəki Əl-Udeyd aviabazasında xidmət edən bəzi amerikalı personalın təhlükəsizlik məqsədilə bazanı tərk etməsi tövsiyə olunub. Diplomatlar bu addımı “mövqe dəyişikliyi” kimi qiymətləndirib və hələlik genişmiqyaslı hərbi evakuasiya əlamətlərinin müşahidə olunmadığını bildiriblər.

ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.