#Hörmüz boğazı

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazındakı strateji neft keçidinə müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın buna indiyədək görünməmiş dərəcədə sərt cavab verəcəyini bəyan edib. Sosial media hesabı vasitəsilə açıqlama verən Tramp, mümkün hərbi müdaxilənin miqyasının əvvəlki hücumlardan "20 qat daha sərt" olacağını vurğulayıb. Prezident Tramp qeyd edib ki, əgər Tehran rəhbərliyi neft axınını dayandırmaq üçün hər hansı bir addım atarsa, ABŞ ordusu ölkədəki "asanlıqla məhv edilə bilən hədəfləri" hədəm alacaq. O, belə bir ssenarinin baş verəcəyi təqdirdə, İranın bir dövlət olaraq yenidən inşa edilməsinin demək olar ki, qeyri-mümkün hala gələcəyini iddia edib.

İran davam edən hərbi təlim çərçivəsində Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbilə bu gün bir neçə saatlıq bağlanacağını açıqlayıb. İran dövlət televiziyasının yaydığı məlumata görə, İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı və Fars körfəzində həyata keçirdiyi təlimlərin əsas mərhələsinə başlayıb. Təlim planına uyğun olaraq, boğazın müəyyən hissəsində gəmi hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı Hörmüz boğazının sutka ərzində daimi nəzarətdə saxlanıldığını bildirib. Komandan hazırda keçirilən “Fars körfəzi adalarından müdafiə gücü və hücum əməliyyatları” adlı manevrlərə toxunaraq bildirib ki, təlimlər yeni taktika və avadanlıqların tətbiqi ilə həyata keçirilir. Onun sözlərinə görə, bu məşqlər strateji regionun təhlükəsizliyinə hazırlıq məqsədi daşıyan illik proqramın tərkib hissəsidir və adaların müdafiəsi ilə strateji su yolunun təhlükəsizliyi SEPAH Hərbi Dəniz Qüvvələrinin məsuliyyətinə daxildir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında “Boğazın Ağıllı Nəzarəti” adlı hibrid və canlı hərbi təlim həyata keçirib. Məlumata əsasən, manevrlərin əsas məqsədləri SEPAH Hərbi Dəniz Qüvvələrinin bölmələrinin əməliyyat hazırlıq səviyyəsinin yoxlanılması, logistika planlarının nəzərdən keçirilməsi və Hörmüz boğazı bölgəsində mümkün təhlükəsizlik və hərbi təhdidlərə qarşı qarşılıqlı cavab ssenarilərinin məşq edilməsindən ibarət olub.

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) İran ordusunun Hörmüz boğazında keçirməyi planlaşdırdığı hərbi atış fəaliyyəti öncəsi təhlükəsizlik xəbərdarlığı yayıb. Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən elan edilən dəniz təlimləri beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini riskə atmadan, peşəkar və məsuliyyətli şəkildə həyata keçirilməlidir.

Fars körfəzi regionu neft ticarətinin dünya üzrə ən həssas nöqtələrindən biri kimi tanınır. Hazırda qlobal neft daşımalarının təxminən 30 faizi Hörmüz boğazından keçir. Boğazın hərbi risklərə, siyasi təhdidlərə və blokada təhlükəsinə açıq olması Körfəz ölkələrini alternativ marşrut axtarışına sövq edir. Bu kontekstdə Səudiyyə Ərəbistanında irəli sürülən genişmiqyaslı “Salman Kanalı” layihəsi regionun geoiqtisadi xəritəsini dəyişə biləcək təşəbbüslərdən biri kimi qiymətləndirilir.