ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir. Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.
#Hörmüz boğazı
İran ətrafında baş verən siyasi və hərbi proseslər artıq yalnız diplomatik müzakirələrlə məhdudlaşmır, eyni zamanda regionun təhlükəsizlik balansına da ciddi təsir göstərir.
Fransanın "CMA CGM" gəmiçilik şirkəti şənbə günü Hörmüz boğazından keçən gəmilərindən birinin xəbərdarlıq atəşinə məruz qaldığını təsdiqləyib. Beynəlxalq Dəniz Təşkilatının (IMO) "Agence France-Presse" (AFP) tərəfindən yayılan məlumatına görə, insident Omanın Kumzar bölgəsinin şimalında baş verib. Atəş nəticəsində gəmiyə zərər dəydiyi bildirilsə də, zədənin miqyası barədə ətraflı məlumat verilməyib. Ərazidə hər hansı ekoloji çirklənmə qeydə alınmayıb.
Pakistan rəhbərliyi ABŞ və İran arasında vasitəçilik missiyasını xilas etmək üçün son 24 saat ərzində diplomatik səylərini maksimum həddə çatdırıb. Məqsəd danışıqların planlaşdırıldığı kimi sabah, çərşənbə axşamı bərpa olunmasını təmin etməkdir. İslamabad həm Vaşinqton, həm də Tehran ilə təmaslarını intensivləşdirib. Pakistan tərəfi danışıqlar masasının dağılmaması üçün tərəflər arasında sabir diplomatiya həyata keçirir. "Reuters" agentliyi Pakistanın təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Pakistan Ordu Komandanı, general Asim Münir ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. General Münir Trampa bildirib ki, Hörmüz boğazının mühasirədə qalması danışıqların qarşısında duran ən böyük maneədir. Mənbənin bildirdiyinə görə, Donald Tramp bu məsələyə yenidən baxacağına dair vəd verib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ı atəşkəs razılaşmasını pozmaqda ittiham edib və Vaşinqtonla yeni danışıqlara qayıdışla bağlı hələ qərar verilmədiyini bildirib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İrandan Türkiyəyə təbii qaz axınını tənzimləyən müqavilənin yaxın aylarda başa çatacağını bildirib. VOA xəbər verir ki, nazir iki ölkə arasında müqavilənin uzadılması imkanlarının müzakirə oluna biləcəyini, lakin hazırda heç bir rəsmi danışıqların aparılmadığını vurğulayıb. Jurnalistlərə açıqlama verən Bayraktar, Ankaranın qaz tədarükünü şaxələndirməyə çalışdığını, bura Rusiyadan gələn mayeləşdirilmiş təbii qaz (LNG) yüklərinin də daxil olduğunu qeyd edib.
Hindistan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini nazirliyə çağırdığını açıqlayıb. Bu addım bu gün Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə atəş açılması hadisəsi ilə bağlıdır. Hindistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi Yeni Deli Hörmüz boğazı kimi həyati əhəmiyyətli su yolunda ticarət gəmilərinin hədəf alınmasından ciddi narahatlığını bildirib. Diplomatik etiraz zamanı gəmilərin və heyətin təhlükəsizliyinin təmin olunması tələb edilib.
İran bizə şantaj edə bilməz. Onlar boğazı yenidən bağlamaq cəhd etdilər. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, Tehran rəhbərliyinin hərəkətlərini "şantaj" cəhdi kimi qiymətləndirib. ABŞ lideri İranın Hörmüz boğazını yenidən bağlamaq cəhdi ilə bağlı bu bəyanatı rəsmi sosial media hesabı vasitəsilə paylaşıb.
İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.
İran Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb. Açıqlamaya əsasən, Hörmüz boğazı yenidən İran Silahlı Qüvvələrinin “sərt idarəetmə və nəzarəti” altına keçib və bölgə tam hərbi nəzarətdə saxlanılır. İran tərəfi daha əvvəl aparılan danışıqlar nəticəsində müəyyən sayda neft tankeri və ticarət gəmilərinin məhdud keçidinə icazə verildiyini xatırladıb. Lakin ABŞ-ın öhdəliklərini yerinə yetirmədiyi iddia olunub.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Hörmüz boğazı ilə bağlı açıqlama verərək, keçid qaydalarının sosial şəbəkələrdə deyil, real şəraitdə müəyyənləşdiyini bildirib. O vurğulayıb ki, boğazın açılıb-bağlanması və keçid rejimi “sosial mediada deyil, sahədə formalaşır”.
İran bu gün, cümə günü, Livandakı atəşkəslə paralel olaraq Hörmüz boğazının dəniz naviqasiyası üçün tamamilə yenidən açıldığını elan etdi və bu, qlobal enerji bazarlarına dərhal təsir göstərdi. İranın Xarici İşlər naziri Abbas Araqçı bildirdi ki, boğaz atəşkəsin qalan müddəti ərzində bütün ticarət gəmiləri üçün tam açıqdır, lakin o, "keçidin İran Limanlar İdarəsi tərəfindən əvvəlcədən elan edilmiş marşrut üzrə həyata keçiriləcəyini" aydınlaşdırdı.