#Hörmüz boğazı

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına qarşı tətbiq olunan dəniz blokadası nəticəsində 65 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini açıqlayıb. İran isə Hörmüz boğazına nəzarətin tam şəkildə öz əlində olduğunu bildirərək, İran İnqilab Keşikçiləri Korpusunun icazəsi olmadan heç bir gəminin keçidinə imkan verilmədiyini bəyan edib.

Hakan Fidan Qətərin xarici işlər naziri Məhammed bin Əbdulrəhman Al Tani ilə keçirdiyi birgə mətbuat konfransında İsrailin yayılma siyasətinin region üçün əsas təhlükəsizlik və sabitlik problemi olaraq qaldığını bildirib. Məlumata görə, Türkiyə XİN rəhbəri Körfəz bölgəsində yaşanan gərginliyin Qəzza məsələsini gündəmdən çıxarmamalı olduğunu vurğulayıb.

ABŞ-da dizel qiymətlərinin sürətlə artması müharibənin iqtisadi təsirləri ilə bağlı narahatlıqları daha da gücləndirib. Ekspertlər nəqliyyat xərclərinin yüksəlməsi səbəbindən ərzaq və gündəlik məhsulların qiymətlərində də artım müşahidə olunduğunu bildirirlər. Donald Tramp vəziyyətin müharibə başa çatdıqdan sonra normallaşacağını desə də, bununla bağlı konkret vaxt açıqlamayıb. Hörmüz boğazında yaranan gərginlik isə qlobal enerji bazarına təzyiq göstərməkdə davam edir.

ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində İranla bağlı sərt açıqlamalar verərək Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilməyəcəyini bildirib. Tramp İranın təqdim etdiyi təklifləri kəskin tənqid edib, həmçinin məhv edilmiş nüvə obyektlərindəki “nüvə tozu”nun təmizlənməsi üçün Tehranın ABŞ-dan yardım istədiyini iddia edib. Prezident “Project Freedom” layihəsinin genişləndirilə biləcəyini və İranın mühasirəyə alınması ilə bağlı planların nəzərdən keçirildiyini açıqlayıb. O, eyni zamanda kürd qruplaşmalarına verilən silahlarla bağlı narazılığını ifadə edərək ABŞ-ın İrana qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb.

“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Amin Nasser Hörmüz boğazında yaranmış fasilələrin qlobal neft bazarı üçün ciddi risk yaratdığını bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət davam edərsə, dünya bazarı hər həftə təxminən 100 milyon barel neft itkisi ilə üzləşə bilər. Nasser qeyd edib ki, boğazdan keçən gəmi sayı kəskin azalaraq gündəlik 70-dən iki-beş gəmi səviyyəsinə enib. Şirkət rəhbəri vəziyyətin uzun müddət davam etməsinin enerji bazarlarında ciddi nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.

Qətərin sabiq Baş naziri Şeyx Həməd bin Casim Al Tani Yaxın Şərqdə baş verən son müharibələrin təsadüfi eskalasiya deyil, regionu yenidən formalaşdırmağa yönəlmiş uzunmüddətli geosiyasi strategiyanın nəticəsi olduğunu bəyan edib. O, “Al Jazeera” telekanalına verdiyi geniş müsahibədə İsrailin bölgədəki siyasəti, Hörmüz boğazında yaranan böhran və artan təhlükəsizlik riskləri ilə bağlı diqqətçəkən açıqlamalar səsləndirib.

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın İsrailə göstərdiyi hərbi və maliyyə yardımının mərhələli şəkildə dayandırılmasının vaxtının çatdığını bildirib. Netanyahu ABŞ-ın CBS televiziya kanalında yayımlanan “60 Minutes” proqramına müsahibəsində İsrail iqtisadiyyatının gücləndiyini və artıq yardım modelindən strateji tərəfdaşlıq modelinə keçmək istədiklərini bəyan edib.

"The New York Times" qəzetinin yaydığı məlumata görə, Rusiya İranın hərbi potensialının bərpasına kömək etmək məqsədilə Xəzər dənizi vasitəsilə bu ölkəyə pilotsuz uçuş aparatlarının (PUA) komponentlərini ixrac edir. Bu yeni marşrut İranın öz hücum qabiliyyətini yenidən qurmasına şərait yaradır. Rusiya eyni zamanda İrana adətən Hörmüz boğazı vasitəsilə daşınan malların alternativ yolla çatdırılmasını təmin edir.