İsraildə hava məkanının mərhələli şəkildə yenidən açılması ilə paytaxt Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanında uçuşların bərpa olunacağı elan edilib. "Jerusalem Post" qəzetinin məlumatına görə, ölkənin iki yerli aviaşirkəti — "Israir" və "Arkia" uçuşlara başlayacaqlarını bəyan ediblər. "Israir" şirkəti cümə axşamı günü Roma, Berlin, Afina, Batumi və Rovaniemi şəhərlərindən Ben Qurion hava limanına beş reys həyata keçirməyi planlaşdırır.
#İran-İsrail qarşıdurması
ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ və İsrail qüvvələrinin İranın Hörmüzqan əyalətində yerləşən ibtidai məktəbə endirdiyi zərbə ilə bağlı rəsmi təhqiqatın başladıldığını bildirib. Heqset mətbuata verdiyi açıqlamada Minab şəhərindəki "Şəcərətüt-Tayyibə" qızlar məktəbinin bombalanması ilə bağlı sualları cavablandırıb. "Deyə biləcəyim tək şey hadisəni araşdırdığımızdır" deyən nazir, ABŞ ordusunun mülki hədəfləri heç vaxt qəsdən hədəf almadığını müdafiə edib.
İran dövlət televiziyası İsrailə qarşı yeni bir raket hücumu dalğasının başladığını elan edib. Regional gərginliyin pik həddə çatdığı bir vaxtda baş verən bu hücum həm havadan, həm de quru əməliyyatları ilə müşayiət olunur. Yerli medianın yaydığı məlumata görə, Livandakı "Hizbullah" qruplaşması İranın raket zərbələri ilə eyni vaxtda İsrail ərazilərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma keçib. Bu koordinasiyalı hücum İsrailin hava hücumundan müdafiə sistemlərini geniş bir cəbhədə sınağa çəkir.
Çin hakimiyyəti beynəlxalq münasibətlərdə heç bir ölkənin təkbaşına hakimlik etmək və dünyaya öz istəklərini qəbul etdirmək hüququnun olmadığı barədə kəskin mesaj verib. Bu bəyanat ABŞ-ın İsrail ilə birlikdə İrana hücumları, Venesuelaya hərbi müdaxiləsi və Qrenlandiyanı ilhaq etmə tələbi kimi addımlarla qlobal siyasəti yenidən formalaşdırmağa çalışdığı bir dövrdə səslənib.
İsrailin müdafiə naziri İsrail Katz bu gün, çərşənbə günü, Tehran mülkiyyətinə ABŞ və İsrail hücumları nəticəsində öldürülən ali rəhbər Əli Xameneinin yerinə seçiləcək hər hansı bir İran liderini sui-qəsdlə hədələyib. Katz "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran rejimi liderlərinin hədəf alınması "Şirin nəriltisi" (Lion's Roar) əməliyyatının məqsədlərinin bir hissəsidir. O, ordunun sui-qəsd əməliyyatlarını həyata keçirmək üçün bütün vasitələrlə hazırlaşması və fəaliyyət göstərməsi barədə göstəriş verildiyini qeyd edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM), bəzi sosial media hesablarında paylaşılan "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana hücum edərsə, Türkiyə üçün qanuni hədəf olacaq" şəklindəki iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Mərkəzin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada bildirilir ki, Türkiyə Respublikasının dövlət qurumları tərəfindən bu yöndə heç bir bəyanat və ya qiymətləndirmə verilməyib.
ABŞ Prezidenti Donald Tramp "Politico" nəşrinə verdiyi müsahibədə fevralın 28-dən bəri davam edən İran-İsrail-ABŞ münaqişəsi ilə bağlı mühüm açıqlamalar verib. Trampın sözlərinə görə, İranın silah və raket potensialı ciddi şəkildə zəifləyib və hərbi resursları tükənməkdədir. Tramp bildirib ki, münaqişə bir neçə günə başa çata bilər və ya 4-5 həftə davam edə bilər. O, ABŞ-ın mühimmat ehtiyatlarının "sınırsız" olduğunu və müdafiə sənayesi şirkətlərinin fövqəladə vəziyyət rejimində istehsalı artırdığını vurğulayıb. "İranın raket buraxılış qurğuları bitmək üzrədir, bizim isə istehsal gücümüz bərpa olunur" – deyə Tramp əlavə edib.
İsrailin müdafiə naziri İsrael Kats, ABŞ ilə ortaq şəkildə İrana qarşı başlatdıqları hücumların "lazım olduğu müddətcə" davam edəcəyi ilə hədələyib. Katsın sözlərinə görə, gecə saatlarında İsrail ordusu Tehranın strateji hədəflərini uğurla vurub. Nazir Kats sosial media hesabında etdiyi açıqlamada, İranın raket buraxılış gücünə və strateji infrastrukturuna ciddi zərər vurduqlarını iddia edib. O, bu əməliyyatların məqsədini belə izah edib: İranın hərbi potensialını məhv etmək, nüvə silahı və raket istehsalını dayandırmaq, həmçinin İran xalqının rejimi devirməsi üçün zəruri şərait yaratmaq. Kats həmçinin əlavə edib ki, İrandan sonra əsas diqqət Livana yönəldiləcək.
İran Qızıl Aypara Cəmiyyətinin son məlumatına görə, ABŞ və İsrail koalisiyasının həyata keçirdiyi hava hücumlarında həyatını itirənlərin sayı daha 232 nəfər artaraq 787-yə çatıb. Bombardmanların miqyası genişləndikcə sivil itkilərin sayı sürətlə artmaqda davam edir. "Mehr" xəbər agentliyinin yaydığı məlumata əsasən, hücumlar zamanı Həmədan şəhəri başda olmaqla, bir çox mülki yaşayış məntəqəsi birbaşa hədəfə alınıb. Dağıntılar altında qalan çox sayda binanın yerlə-yeksan olduğu, xilasetmə işlərinin isə davam etdiyi bildirilir. Saatlar keçdikcə sivil itkilərin real miqyası daha da aydınlaşır.
ABŞ Dövlət Departamenti regional gərginliyin sürətlə artması səbəbindən Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki fövqəladə hallarda çalışmayan personalına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırığı verib. Təhlükəsizlik vəziyyəti ilə bağlı verilən rəsmi açıqlamalarda həmin ölkələrə səyahət edilməməsi xəbərdarlığı yenilənib. Dövlət Departamenti qeyd edib ki, sözügedən ölkələrdə qalan ABŞ vətəndaşları və personalı vəziyyətin pisləşəcəyi təqdirdə alternativ planlar hazırlamalıdırlar. Eyni zamanda, ABŞ-ın Doha səfirliyinin ehtiyat tədbiri olaraq rutin konsulluq xidmətlərini müvəqqəti dayandırdığı bildirilib.
Səhər saatlarında İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranın müxtəlif bölgələrini hədəf alıb. Yerli medianın yaydığı məlumata görə, İsfahan şəhərində də güclü partlayış səsləri eşidilib. Hücumların şəhərin konkret hansı nöqtələrinə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. İran tərəfi bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu açıqlayıb.
ABŞ "regional gərginliklər səbəbindən" Küveytdəki səfirliyini müvəqqəti olaraq bağlayıb.