#İsrail İran hücumu

İranın dövlət mediası İsrail tərəfinin öldüyünü iddia etdiyi Əli Laricaninin öz əli ilə yazdığı müraciəti paylaşıb. Bildirilib ki, paylaşılan bu mesaj Əli Laricaninin dəniz döyüşçülərinin dəfn mərasimi ərəfəsində qələmə aldığı yazıdır. İsmarıcda İran İslam Respublikasının Denadakı dəniz döyüşçülərinin şəhadətinin beynəlxalq zalımlara qarşı mübarizə aparan cəsur millətin fədakarlıqlarının bir parçası olduğu vurğulanıb. Laricani qeyd edib ki, həmin şəxslərin xatirəsi hər zaman İran millətinin qəlbində yaşayacaq və bu şəhidliklər İran ordusunun silahlı qüvvələr strukturunun uzun illər boyu təməlini təşkil edəcək. Mesajın sonunda müəllif uca Allahdan şəhidlərə ən yüksək mərtəbələr nəsib etməsini diləyib.

İraqın neft naziri Heyan Əbdülqəni Bağdadın bəzi neft tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verilməsi barədə İranla danışıqlar apardığını açıqlayıb. Rəsmi xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, bu addım İraqın öz sularında tankerlərə edilən son hücumlardan sonra xam neft ixracında yaranan fasilələri aradan qaldırmaq məqsədi daşıyır.

“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”. “Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır. Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı.

İranın hərbi rəsmiləri Amerika Birləşmiş Ştatları və İsrail ilə davam edən gərginlik fonunda bəyanatlarının tonunu kəskinləşdiriblər. İran hərbi sözçüsü İbrahim Zülfüqari ABŞ Prezidenti Donald Trampa ünvanladığı açıqlamasında müharibənin taleyinin sosial media platformalarında deyil, birbaşa döyüş meydanında müəyyən ediləcəyini vurğulayıb.

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ötən gecədən etibarən ölkənin hava məkanında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus iki müasir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Yarı-rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, PUA-lardan biri paytaxt Tehran, digəri isə Buşəhr əyalətinin Cem şəhəri səmasında ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb. Vurulan aparatlardan birinin İsrail istehsalı olan "Hermes", digərinin isə "Heron" tipli olduğu bildirilir.

ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CBS News" telekanalına verdiyi müsahibədə Donald Tramp administrasiyasının İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükünü açıqlayıb. Hassettin sözlərinə görə, hücumların başladığı gündən bəri ABŞ-ın hərbi xərcləri 12 milyard dolları ötüb. O, ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət qədər olduğunu və bu mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı həftəsonu tətilindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Yaxın Şərqdəki son hadisələrlə bağlı mühüm iddialar irəli sürüb. Tramp İranın "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısını vurduğuna dair xəbərləri qətiyyətlə təkzib edərək, bu iddiaları yalan adlandırıb. "Dünyanın ən böyük gəmilərindən biri olan bu gəmiyə əsla hücum edilməyib, o heç vaxt yanmayıb," diqqətə çatdıran Prezident, sosial mediada yayılan yanğın görüntülərinin saxta olduğunu və reallığı əks etdirmədiyini vurğulayıb.

Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.

İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.

İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hava bazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji texnikalara ciddi ziyan dəyib. "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, son günlərdə həyata keçirilən hücumlar zamanı ABŞ-a məxsus 5 yanacaqdoldurma təyyarəsi uçuş zolağında olarkən zərbələrə məruz qalıb. Bildirilir ki, hadisə zamanı can itkisi olmasa da, təyyarələr tamamilə məhv edilməyib, lakin ciddi zədələnib. Hazırda həmin təyyarələrin təmiri istiqamətində işlər aparılır.

İranın cənub-şərqində yerləşən Kerman vilayətinin təhlükəsizlik qüvvələri ölkədə sabitliyi pozmağa və kütləvi iğtişaşlar törətməyə cəhd edən mütəşəkkil qrupun ifşa olunduğunu bildirib. Kerman vilayətinin səlahiyyətli orqanlarının yaydığı rəsmi bəyanatda qeyd olunur ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər dövlət təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərdə, qanunsuz yığıncaqlar təşkil etməkdə və ölkə daxilində xaos yaratmaq üçün gizli planlar hazırlamaqda ittiham olunurlar.