#Fələstin

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbin Fələstini tanımaqla bağlı mövqeyini sərt tənqid edib. O bildirib ki, bəzi Qərb ölkələri sentyabrda BMT Baş Assambleyasında Fələstini dövlət kimi tanıyacaqlarını bəyan etsələr də, həmin vaxta qədər tanınacaq Fələstin dövləti mövcud olmaya bilər. Lavrov Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniya baş naziri Key Starmer və Kanada baş naziri Mark Karninin verdiyi açıqlamaları xatırladaraq, “Əgər həqiqətən də bu qədər faciələr fonunda Fələstini tanımaq niyyətindəsinizsə, niyə bunu indi etmirsiniz, niyə aylarla gözləyirsiniz?” - deyə sual edib. Onun sözlərinə görə, Avropa Yaxın Şərqdə də, Ukraynada da ciddi diplomatik təşəbbüs göstərmir. Eyni zamanda Lavrov Ukrayna məsələsinə də toxunaraq bildirib ki, Rusiya etibarlı təhlükəsizlik təminatlarının hazırlanmasını dəstəkləyir, lakin prosesdə iştirak etmədiyi hər hansı mexanizmi qəbuledilməz hesab edir. O, Ukrayna ilə danışıqlarda nümayəndə heyətlərinin səviyyəsinin artırılması təklifini irəli sürdüklərini də açıqlayıb.

Ictimai rəy sorğusu şirkəti YouGov tərəfindən keçirilən sorğuya əsasən, almanların 65 faizi hökumətin Qəzza zolağında istifadə oluna biləcək silahların İsrailə ixracını dayandırmasını düzgün addım hesab edir. Məlumata görə, respondentlərin 19 faizi bu qərarı yanlış qiymətləndirib, 16 faizi isə mövzu ilə bağlı rəy bildirmək istəməyib. Sorğu həmçinin Almaniya hökumətinin Avropa İttifaqı–İsrail Assosiasiya Sazişinin dayandırılmasına qarşı mövqeyi ilə bağlı cəmiyyətin baxışlarını da üzə çıxarıb. Belə ki, iştirakçıların 45 faizi bunu doğru addım, 32 faizi isə yanlış qərar hesab edib, 23 faizi isə şərh verməyib.

İsrail ordusunun bu gün səhər saatlarında Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində 33 fələstinli həlak olub, onlarla insan isə yaralanıb. Xəstəxana mənbələri və şahidlərin açıqlamalarına görə, hücumlar məcburi köçkünlərin və humanitar yardım gözləyən insanların yerləşdiyi çadır və evləri hədəfə alıb. Qəzza şəhərinin Şati Qaçqınlar Düşərgəsində bir ailənin 5 üzvü, İslam Universiteti yaxınlığında isə aralarında uşaqların da olduğu 4 nəfər ölüb. İsrail ordusunun Cibaliya Nezler qəsəbəsindəki hücumu nəticəsində isə 3 fələstinli həlak olub, 10 nəfər yaralanıb. Eyni zamanda, Qəzzanın Zeytun və Sabra məhəllələrində mülki evlərin bombalanması nəticəsində azyaşlı uşaqlar da daxil olmaqla çoxsaylı itkilər qeydə alınıb. Nusairat qaçqın düşərgəsinə hücumlarda isə yardım gözləyən insanlara atəş açılıb və ümumilikdə 8 nəfər həlak olub.

Fransa Rəyasət Heyəti İsrailin baş naziri Benyamin Netanyahunun prezident Emmanuel Makronu “antisemitizm alovunu alovlandırmaqda” ittiham etməsini yanlış və iyrənc adlandırıb. Yelisey Sarayı açıqlamasında qeyd edib ki, Makronun Fələstin Dövlətinin tanınması çağırışı manipulyasiya və təhrif deyil, ciddi məsuliyyət tələb edən addımdır və cavabsız qalmayacaq. Qeyd edək ki, Netanyahu Makronu 23 sentyabrda yəhudi Yeni ilindən əvvəl antisemitizmə qarşı tədbirlər görməyə çağırıb, Makron isə iyulun 24-də Fələstin Dövlətini tanımaq qərarını açıqlayıb və sentyabrda BMT Baş Assambleyasında məsələni rəsmi olaraq təqdim edəcəyini bildirib.

Qəzzada davam edən müharibə fonunda atəşkəs danışıqları yenidən gündəmə gəlib. Qətər, HƏMAS-ın Ərəb ölkələrinin təqdim etdiyi təklifə “olumlu cavab” verdiyini açıqlayaraq atəşkəsin təcili şəkildə təmin olunmasının vacibliyini vurğulayıb.

İsrailin müdafiə naziri İsrael Kats Qəzza şəhərinə nəzarəti ələ keçirməyi nəzərdə tutan hərbi planı təsdiqləyib və 60 minə yaxın ehtiyat əsgərin çağırılması barədə göstəriş verib. Bu barədə çərşənbə günü Müdafiə Nazirliyi məlumat yayıb. İsrael Kats “İsrail ordusunun Qəzza şəhərinə hücum planını” təsdiqləyib və “tapşırığın icrası üçün tələb olunan ehtiyat qüvvələrin çağırışına” razılıq verib.

ABŞ-ın texnologiya şirkəti “Microsoft”un Vaşinqton ştatındakı mərkəzi ofisi qarşısında əməkdaşlar və fəallar tərəfindən etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları şirkəti İsrail ordusu ilə əməkdaşlıqda ittiham ediblər. Məlumata görə, “Apartheid üçün Azure yoxdur” adlı qrupun təşkil etdiyi etiraz zamanı iştirakçılar çadırlar qurub, pankartlar açaraq şirkətin İsraillə müqavilələrini ləğv etməsini tələb ediblər. Həmçinin Microsoft-un binalarından birinə “Şəhid Fələstinli Uşaqları Plaza” yazılmış banner asılıb, ərazi sosial mediada “Azad edilmiş zona” kimi təqdim olunub

Tramp radio aparıcısı Mark Levinlə müsahibəsində Netanyahunun Qəzzadakı hərbi əməliyyatlara görə məsuliyyət daşımasına baxmayaraq, onu müdafiə edib. “O, yaxşı insandır, döyüşür. Birlikdə işlədiyim üçün müharibə qəhrəmanıdır. Mən də eləyəm, düşünürəm”.- deyə bildirib. Tramp BCM-nin Netanyahuya qarşı həbs qərarına, yoxsa İsraildəki korrupsiya işinə istinad etdiyini dəqiqləşdirməyib. O, həmçinin İranın nüvə obyektlərinə qarşı ABŞ hücumlarının “uğurlu” olduğunu da vurğulayıb. Qeyd edək ki, BCM 2024-cü il 21 noyabr tarixində Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində Qəzzada törədilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs orderi çıxarıb. Netanyahu ölkəsində 2019-cu ildən bəri davam edən korrupsiya ittihamları ilə də mühakimə olunur. Tramp isə bu məhkəmələrin ləğvini tələb edib.

İsrail ordusu Fələstin Milli Basketbol Komandasının keçmiş oyunçusu Məhəmməd Şalanı Xan Yunisdə humanitar yardım əldə etməyə çalışarkən atəşə tutaraq öldürüb. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, 40 yaşlı Şalan övladlarını qidalandırmaq üçün yardım dalınca getdiyi zaman hədəfə alınıb. Onun böyrək çatışmazlığı və sepsisdən əziyyət çəkən qızı üçün yemək və dərman axtardığı bildirilib. Qeyd edək ki, İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində yüzlərlə mülki şəxs humanitar yardıma çıxış imkanlarından məhrum olub.

HƏMAS 19 avqust Ümumdünya Humanitar Günü ilə bağlı yayılan açıqlamasında beynəlxalq dövlətləri Qəzzaya humanitar yardımların çatdırılması və İsrailin blokadasının sona çatdırılması üçün təzyiq göstərməyə çağırıb. HƏMAS bildirib ki, İsrailin Qəzzaya hücumları, səhiyyə sektorunu sarsıtması və humanitar yardımı məhdudlaşdırması nəticəsində bölgədə ciddi aclıq və humanitar fəlakət yaşanır. Təşkilat dünya dövlətlərini Qəzzada soyqırımı dayandırmağa, işğalçı liderləri, xüsusilə Netanyahunu mühakimə etməyə və əhalinin həyatı üçün həyati əhəmiyyətli yardımların çatdırılmasını təmin etməyə çağırıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Dünya Humanitar Günü” münasibətilə etdiyi paylaşımda Türkiyənin Qəzzaya 101 min tondan çox humanitar yardım göndərdiyini və UNRWA-ya verdiyi dəstəyin 40 milyon dolları keçdiyini bildirib. Ərdoğan vurğulayıb ki, humanitar yardım siyasətdən üstün vicdan işidir və Türkiyə milli məhsuluna görə dünyada ən səxavətli ölkələrdən biridir. O, həmçinin qeyd edib ki, ölkə köməyə ehtiyacı olan hər kəsə – məzlum, yetim, köməksiz və möhtaca – ayrım etmədən yardım əlini uzadır.