Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA analitika: Geosiyasi təhlillər
    VOA analitika: Geosiyasi təhlillər

    İran, İsrailin Yaxın Şərqdə hegemon güc kimi mövqeyini necə möhkəmləndirdi - faktlar və tarixi xronologiya

    24 Mart 2026 07:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İran, İsrailin Yaxın Şərqdə hegemon güc kimi mövqeyini necə möhkəmləndirdi - faktlar və tarixi xronologiya
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Analitik Təhlil Mərkəzi

    İsrailə qarşı hərbi mübarizə tarixinə onun 1948-ci ildə qurulmasından bəri nəzər saldıqda, iki əsas dövrü bir-birindən fərqləndirmək olar: Birinci dövr, bəzi ərəb ordularının İsrailə qarşı apardığı nizami dövlət müharibələri seçimidir. İkinci dövr isə müxtəlif qruplaşmalar və ya milislər (qeyri-nizami silahlı qüvvələr) vasitəsilə həyata keçirilən silahlı mübarizə seçimidir.

    Müşahidə etmək olar ki, birinci dövrü Fələstin milli hərəkatını birbaşa və ya dolayısı ilə himayə edən ərəb rejimləri idarə edirdi. İkinci dövrün daşıyıcısı isə Fələstin, Livan, İraq və Yəməndəki qruplaşmaları və milisləri dəstəkləməklə birbaşa və ya dolayı yolla İran rejimi olmuşdur. Bu faktor burada mütləq nəzərə alınmalıdır.

    Bununla belə, qeyd olunan təsnifata əsasən, bu fərqləndirmə hər iki dövr arasındakı daxili keçidləri və hər bir dövrün öz daxilindəki forma müxtəlifliyini azaltmır və kölgədə qoymur.

    Dövlət - Nizami müharibələr dövrü

    Misir və Suriya başda olmaqla əksər ərəb rejimləri həm praktiki, həm də şüar səviyyəsində İsrailə qarşı hərbi mübarizə yolunu seçmişdilər. Onlar İsrailin qurulması və Fələstin qaçqınları probleminin yaranması ilə nəticələnən 1948-ci il müharibəsini (Nəkbə) birinci Ərəb-İsrail müharibəsi hesab etdilər. Bundan iki onillik sonra, 1967-ci ildə ikinci, altı il sonra, 1973-cü ildə isə üçüncü müharibə baş verdi. 1973-cü il müharibəsi İsrailə qarşı sonuncu nizami ərəb-dövlət müharibəsi sayılır.

    Bu dövr ərzində (1948-1973) Misir təkbaşına iki müharibə apardı: birincisi, 1956-cı ildə Süveyş kanalının milliləşdirilməsindən sonra Fransa, Britaniya və İsrailin iştirak etdiyi "Üç tərəfli təcavüz"ə qarşı müdafiə, ikincisi isə İsrailə qarşı apardığı "İstinzaf” müharibəsi (1968-1970). Bu müharibələrdə ərəb ordularının məğlubiyyəti bir yana (1973-dəki nisbi və ya qismən qələbə istisna olmaqla), bu döyüşlər İsraili siyasi, iqtisadi, hərbi və texnoloji cəhətdən hər sahədə gücləndirdi və onun Qərb dövlətləri nəzdindəki mövqeyini möhkəmləndirdi.

    Lakin problem təkcə bu məyusedici nəticədə deyil. Belə məlum oldu ki, ərəb ordularının təkrarlanan məğlubiyyətləri və ya qəti qələbə qazana bilməmələri təkcə idarəetmə, təşkilatlanma, silah texnologiyası və atəş gücü baxımından geri qalmaları ilə bağlı deyil. Bu, həm də ərəb rejimlərinin öz siyasi quruluşlarının geriliyi, insan və maddi resurslarını idarəetmə forması ilə bağlı idi ki, bu da yeni yaranmış kiçik bir dövlətin onlara qalib gəlməsinə şərait yaratdı.

    Buraya o da daxildir ki, sözügedən rejimlər İsraillə mübarizə aparmaq üçün yalnız hərbi meydanı seçdilər. Halbuki bu meydan İsrailin ən üstün olduğu sahə idi. Onlar siyasi, iqtisadi, sosial, texnoloji və elmi inkişaf yollarını tələb edən digər sahələrdə rəqabət aparmağa cəhd etmədilər. Eyni zamanda, bu rejimlər İsrailin mahiyyətini və bölgədəki rolunu dərk etməkdə acizlik göstərdilər; İsraili sadəcə Yaxın Şərqdəki digər dövlətlər kimi bir dövlət hesab etdilər. Halbuki İsrail beynəlxalq bir statusun təzahürü, Qərbin, xüsusən də Amerikanın bölgədəki strateji maraqlarının uzantısı idi. Bu isə İsrailə qarşı göstərilən hər hansı nailiyyətin, fədakarlığın və ya qəhrəmanlığın siyasi dividendə çevrilməsini qeyri-mümkün və ya icazə verilməz edirdi.

    Məsələn, 1973-cü il müharibəsinin "qələbəsi"ndə belə oldu: münaqişə İsrailin varlığına qarşı mübarizədən, sadəcə onun varlıq formasına (siyasi və coğrafi sərhədlərinə) qarşı mübarizəyə çevrildi. 1948-ci il dosyesindən 1967-ci il dosyesinə (işğal olunmuş ərazilər) keçid edildi, Misir münaqişə dairəsindən çıxarıldı və ərəb sistemi nizamlanma (sülh) variantına yönəldi.

    Fələstin silahlı mübarizə dövrü

    1973-cü il müharibəsindən sonra nizami müharibələrin yoxa çıxması və mübarizə bayrağının qruplaşmaların və milislərin əlinə keçməsi ilə burada da iki dövrü fərqləndirmək olar: Birincisi, Fələstin dövrü, yəni Fələstin silahlı mübarizəsi. İkincisi, xüsusilə İranın regional qolları kimi fəaliyyət göstərən milislərin daşıdığı İran dövrü. Qeyd etmək lazımdır ki, ikinci dövrdə də bir Fələstin ölçüsü var idi; bu, özünü 2000-2004-cü illərdə hərbi xarakterli İkinci İntifadada və "HƏMAS" hərəkatının yüksəlişində göstərdi. Xüsusilə "HƏMAS"ın Qəzza zolağında təxminən iyirmi il hakimiyyətdə qalması və İsrailin Qəzzaya qarşı apardığı qanlı müharibələr, sonuncusu isə iki ildən artıqdır davam edən soyqırımı müharibəsi buna nümunədir.

    Vacib məqam odur ki, Fələstin milli hərəkatı 1973-1982-ci illər arasında on il boyunca İsrailə qarşı hərbi mübarizə seçimini təkbaşına apardı. 1982-ci ildə İsrailin Livana hücumu nəticəsində Livan və ümumiyyətlə Fələstin xaricindəki silahlı Fələstin varlığına son qoyuldu.

    Lakin Fələstin milli hərəkatının yüksəlişinə, ərəb və beynəlxalq qanunilik qazanmasına şahidlik edən həmin dövr fələstinlilər və livanlılar üçün çox mürəkkəb, ağrılı və ağır bədəlli oldu. Bu, Livandakı daxili parçalanma, vətəndaş müharibəsinin başlaması, Fələstin hərəkatının bu müharibəyə batması və İsrailin Livan torpaqlarına davamlı və dağıdıcı hücumlarının nəticəsi idi.

    Nəticədə, Fələstin milli hərəkatının Livandan çıxıb Tunisdə məskunlaşması silahlı mübarizə seçiminin zəifləməsinə səbəb oldu. Bu, təkcə imkanların tükənməsi və İsrail sərhədində hərbi varlığın olmaması ilə deyil, həm də başqa bir variantın – Xalq İntifadasının (1987-1993) ortaya çıxması ilə bağlı idi. İşğal olunmuş İordan çayının qərb sahili və Qəzza zolağında başlayan bu üsyan Fələstin xalqının şəraiti üçün ən uyğun və təsirli seçim kimi görünürdü; bu, İsrailə qarşı siyasi və mənəvi cəhətdən üstün gəlmək, beynəlxalq səviyyədə Fələstin davasının haqlılığını sübut etmək üçün ən yaxşı yol idi.

    Paradoksal olsa da, bu İntifadanın nəticəsi 1973-cü il müharibəsinin "qələbəsinə" bənzədi. Yəni Fələstin xalqına öz mübarizəsini, fədakarlığını və qəhrəmanlığını siyasi dividendə çevirməyə icazə verilmədi. Bu, 1993-cü ildə imzalanan, natamam, ədalətsiz və birtərəfli "Oslo sazişi" ilə nəticələndi. İsrail bu sazişi yalnız Fələstin Azadlıq Təşkilatının (FAT) qanuniliyini əlindən almaq, Fələstin davasını parçalamaq, milli hərəkatın içini boşaltmaq və bu gün şahidi olduğumuz kimi Fələstin xalqının birliyini sarsıtmaq üçün istəmişdi.

    Təbiidir ki, bu nəticə həm İsrailin üstünlüyü və ABŞ-ın ona dəstəyi, həm də fələstinliləri dəstəkləyən ərəb və beynəlxalq çərçivənin zəifliyi səbəbindən reallaşdı. Lakin burada fərqli variantlar axtarmayan, 1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması və İkinci Körfəz müharibəsindən sonra öz mövqeyini qorumağa çalışan Fələstin rəhbərliyinin yanlış hesablamaları da böyük rol oynadı.

    Yaxın Şərqdə İran dövrü

    Fələstin rəhbərliyinin ərəb seçimi ilə eyniləşən danışıqlar və nizamlanma yoluna getməsindən sonra Yaxın Şərqdə yeni bir regional oyunçu peyda oldu və bu İran rejimi idi.

    Bu rejim əvvəldən "Vilayəti-fəqih" baxışına uyğun olaraq "İnqilabın ixracı" prinsipini mənimsəmişdi. O, ərəb şərqi ölkələrində, xüsusən Livan, İraq və Suriyada məzhəb xarakterli silahlı birləşmələr yaratdı və öz regional nüfuzunu gücləndirmək cəhdlərini İsrailə qarşı mübarizə və Fələstin davasına dəstək şüarları ilə əsaslandırdı.

    Reallıqda isə Livan öz zəifliyi, siyasi sistemi və sosial strukturu ilə bu yanaşma üçün ən uyğun mühit oldu. 1985-ci ildə İran rejiminin qeyri-məhdud maliyyə, silah və siyasi dəstəyi ilə "Hizbullah" yaradıldı və o, qırx ildən artıqdır ki, öz məzhəbinin təmsilçiliyini və İsrailə qarşı müqaviməti inhisara alıb. "Hizbullah"ın döyüş keçmişi, xüsusən 2000-ci ildə İsrailin Cənubi Livandan birtərəfli qaydada geri çəkilməsi (bu, həmin partiyanın qələbəsi sayıldı) və 1976-2005-ci illər arasında Livana ağalıq edən Suriya rejiminin onu himayə etməsi bu mövqeyi daha da gücləndirdi.

    2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən və ölkəni İranın regional qolları kimi fəaliyyət göstərən milislərə hədiyyə edilməsindən sonra İranın və onunla birlikdə qruplaşma/milis xəttinin İsrailə qarşı mübarizədəki mövqeyi kəskin şəkildə yüksəldi. Bu mərhələdə İran, zəifləmiş və parçalanmış ərəb sisteminin hesabına, Yaxın Şərqin hətta Türkiyə və İsraildən də daha önəmli regional oyunçusuna çevrildi. Hətta bəzi İran rəhbərləri lovğalanaraq İranın bir neçə ərəb paytaxtına (Beyrut, Bağdad, Dəməşq və Səna) nəzarət etdiyini bəyan edirdilər.

    Bütün bu proseslər zamanı İran bəzi qruplaşmalar, xüsusən də "HƏMAS" vasitəsilə özü üçün "Fələstin örtüyü" tapdı. Bu əməkdaşlıq həm maliyyə və hərbi dəstəyə, həm də sülh prosesinə qarşı olan ideoloji yaxınlığa əsaslanırdı. İranın Fələstin örtüyünə ehtiyacı olduğu qədər, "HƏMAS"ın da ona maliyyə və silah təmin edən İran kimi böyük bir dövlətə ehtiyacı var idi; bir növ "qarşılıqlı asılılıq" yarandı.

    Bu vəziyyət müqavimət cəbhəsinin və ya oxunun yaranmasına gətirib çıxardı. Bu ox "Meydanların birliyi" ideyasına və İsrailin "hörümçək torundan daha zəif" olması, "çökməkdə olması" kimi qüsurlu təsəvvürlərə, xəyallara əsaslanırdı. Bu təfəkkürdə özünü həddindən artıq böyütmək, düşmənə yuxarıdan aşağı baxmaq və reallıqdan qopuq "dəhşət balansı", "qarşılıqlı çəkindirmə" və "İsrailin ayaqları altında yeri titrətmək" kimi şüarlarla yaşamaq hakim idi.

    Bundan sonra nə olacaq?

    İstər dövlət-nizami, istərsə də qruplaşma-milis (və ya ərəb, sonra isə İran) dövrlərindəki hərbi variantların nəticələrini müzakirə edərkən xatırlatmaq yerinə düşər ki, burada söhbət hərbi mübarizənin və ya silahlı müqavimətin legitim olub-olmamasından getmir. Söhbət hər bir mərhələdə mübarizə formalarının səmərəliliyindən və onun alətlərinə sahib olmaqdan gedir. Hər hansı bir mübarizə forması iki əsas məsələyə söykənməlidir: Birincisi, düşməni yıpratmaq (tükətmək) imkanı; yoxsa düşmənə cəmiyyəti (burada Fələstin və ya Livan cəmiyyətini) tükətmək, dağıtmaq və didərgin salmaq imkanı vermək deyil.

    Hər iki dövrün nəticəsində siyasi qarşılığı olmayan ağır bədəllərin ödənildiyini görmək olar. Mübarizənin yalnız hərbi formaya salınması düşmənin gücünü, onun iqtisadi və texnoloji üstünlüyünü, resursları idarəetmə qabiliyyətini, ABŞ-ın sonsuz dəstəyini və nüvə inhisarını nəzərə almırdı. Nə ərəb rejimlərində, nə İranda, nə də onun regional qolu olan milislərdə bu sualların cavabı var idi.

    İndi biz Yaxın Şərqdə dağıdıcı bir müharibənin şahidi oluruq. Eyni zamanda görürük ki, İsrail bütün dünyanı öz tərəfinə toplayıb və sanki Qəzza fələstinlilərinə qarşı apardığı vəhşi soyqırımı müharibəsi nəticəsində sarsılmış nüfuzundan sonra dünya xəritəsini yenidən öz xeyrinə cızır. Hətta Çin, Rusiya və "BRICS" qrupu belə baş verənləri sadəcə seyr etməklə kifayətlənir.

    İran, Fələstin davasından öz maraqları üçün istifadə etməklə İsrailin işini asanlaşdırmaqda və onun Yaxın Şərqdə hegemon güc kimi mövqeyini möhkəmləndirməkdə böyük rol oynadı. Bu, İraq, Suriya və Livanda dövlət və cəmiyyət strukturunu zəiflətməklə, ərəb cəmiyyətlərini məzhəb zəminində parçalamaqla və "Özüm ölümsə də, düşmənə zərər verim" tipli intihar əməliyyatı seçimini etməklə baş verdi. Halbuki İran uzun müddət İsrail və ya ABŞ ilə hər hansı birbaşa qarşıdurmadan qaçmışdı. Bu qaçış özünü təkcə son iki ildə Qəzzaya dəstək verməməkdə deyil, həm də öz regional milislərinin tacı olan olan "Hizbullah"a dəstək verməməkdə göstərdi; xüsusən də 2024-cü ilin sonlarında lideri Həsən Nəsrullahın qətlindən sonra.

    Hazırda davam edən müharibənin gedişində Yaxın Şərqin geosiyasi xəritəsinin hansı formada olacağını, regional aktorların rollarının necə dəyişəcəyini heç kim dəqiq deyə bilməz. Lakin belə bir nəticə çıxarmaq olar ki, yarım əsr əvvəl dövlətlərarası nizami mübarizə səhifəsi bağlandığı kimi, İsrailə qarşı silahlı milis mübarizəsi dövrü də artıq öz son səhifəsinə qədəm qoyub. Sanki İsrailin şahidi olduğu ən güclü və ən sarsıdıcı müharibə, paradoksal şəkildə bu mübarizə formasının bitməsini xəbər verən andır.

    Bu, müqavimətin, o cümlədən silahlı müqavimətin tamamilə yox olması deməkdirmi? Xeyr, nə qədər ki zülm, təzyiq və işğal var, müqavimət bu və ya digər şəkildə, bu və ya digər səviyyədə davam edəcək. Lakin böyük ehtimalla onun artıq xarici uzantıları olmayacaq. Əsas nəticə budur ki, İsrailə qarşı müqavimət Fələstin xalqının öz daxilindən, onun öz imkanları, bacarığı və şəraitinə uyğun olaraq doğacaq; bəlkə də 48-ci il fələstinlilərinin seçdiyi yol və ya İordan çayının qərb sahili və Qəzzadakı birinci İntifada nümunəsində olduğu kimi.

    #Fələstin #Livan #İraq #HƏMAS #BRICS+ #BRICS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #Livan fələstin düşərgələri #BRICS ölkələri #BRICS Liderlər Zirvəsi #nizami dövlət müharibələri #qeyri-nizami silahlı qüvvələr #Misir və Suriya #İstinzaf #Fələstin silahlı mübarizə dövrü #Yaxın Şərqdə İran dövrü #Vilayəti-fəqih
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    15 İyul 2026 21:15

    Qəzzada ölənlərin sayı 73 min 246 nəfərə çatıb

    15 İyul 2026 18:26

    Qəssam briqadalarının iki komandiri əməliyyat zamanı öldürülüb - İsrail

    15 İyul 2026 17:44

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    14 İyul 2026 22:40

    İsrail 34 yeni qanunsuz yaşayış məntəqəsi üçün 434 milyon dollar ayırıb

    14 İyul 2026 22:33

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    14 İyul 2026 20:04

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    14 İyul 2026 19:28

    İsrail pilotsuz uçuş aparatı Qəzzada polis məntəqəsini vurub, yeddi nəfər ölüb

    14 İyul 2026 18:50

    Qəzzada atəşkəsdən sonra İsrail hücumlarında ölənlərin sayı 1122 nəfərə çatıb

    14 İyul 2026 18:47

    Aİ ölkələri ticarət qadağası ideyasını dəstəkləyir - Kaya Kallas

    13 İyul 2026 22:15

    Aİ niyə Yaxın Şərq siyasətində vahid qərar qəbul etməkdə çətinlik çəkir?

    13 İyul 2026 21:43
    XƏBƏR LENTİ

    Rubio ifrat solçu terrorçuluqla bağlı beynəlxalq toplantı keçirəcək

    Qalibaf milli maraqlar üçün vahid mövqeyin vacibliyini vurğulayıb

    Enerji təchizatında uzunmüddətli fasilə qlobal iqtisadiyyata ciddi zərbə vura bilər - BVF

    Danışıqlar güzəştə getmək demək deyil - Qalibaf

    Bəndər Abbas üzərində ABŞ-a məxsus pilotsuz uçuş aparatı vurulub - İran

    İşğal altındakı İordan çayının qərb sahilində gərginlik davam edir

    Meyndə demokratların Senat debatı səkkiz namizədlə keçiriləcək

    "X" platforması hansı yeni öhdəlikləri yerinə yetirəcək?

    Vaşinqton İran, Rusiya və Nigeriyadakı qurumları sanksiya siyahısına salıb

    İran ABŞ hücumlarından sonra bəzi şagirdlərin imtahanlarını təxirə salıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.