#Bakı

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial şəbəkələrdə yayılan "Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ərazi sularından çoxsaylı raket fırlatılıb" iddialarının həqiqəti əks etdirmədiyini açıqlayıb. Rəsmi qurum bəzi sosial şəbəkə hesablarında paylaşılan görüntülərin manipulyasiya xarakterli olduğunu bəyan edib. Mərkəzin yaydığı məlumatda qeyd olunur ki, nə Türkiyə, nə də ŞKTC-nin ərazi sularında hər hansı raket atışı qeydə alınmayıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin atəşkəs və sürətli sülh prosesinə maraq göstərmədiyini bildirərək, Yaxın Şərqdəki müharibənin daha uzun müddət davam edə biləcəyi barədə xəbərdarlıq edib. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra mətbuata açıqlama verən nazir prosesin gedişatında ABŞ-ın mövqeyinin həlledici olacağını vurğulayıb. Hakan Fidanın sözlərinə görə, İsrail ABŞ-a təsir edərək atəşkəsin qarşısını almağa və müharibəni mümkün qədər uzadaraq İrana daha çox zərər verməyə çalışır. Nazir qeyd edib ki, İsrail rəhbərliyi özü üçün vacib hesab etdiyi hərbi və sənaye hədəflərini tamamilə məhv etmədən əməliyyatları dayandırmaq niyyətində deyil.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) şənbə günü, martın 21-də yaydığı rəsmi bəyanatda İranın 8 mindən çox hərbi obyektinə, o cümlədən 130 gəmisinə zərbələr endirildiyini bildirib. ABŞ tərəfi bu əməliyyatı İkinci Dünya müharibəsindən bəri qısa zaman kəsiyində (üç həftə ərzində) hərbi-dəniz qüvvələrinin ən böyük miqyaslı ləğvi kimi qiymətləndirib. CENTCOM komandanı, admiral Bred Kuperin sözlərinə görə, son üç həftə ərzində İranın hərbi-dəniz donanması ağır itkilərə məruz qalıb və Tehranın beynəlxalq gəmiçilik üçün təhlükə yaratmaq imkanları kəskin şəkildə zəiflədilib. Admiral ABŞ artilleriyasının və yüksək dəqiqlikli raketlərinin "misilsiz məhvedici gücünü" xüsusi vurğulayaraq, Tehranın kəşfiyyat dəstəyi və radar sistemlərinin tamamilə iflic edildiyini qeyd edib.

Böyük Britaniya rəhbərliyi İran hərbi qüvvələrinin Hind okeanında yerləşən Dieqo-Qarsiya aviabazasına raket zərbələri endirmək cəhdini "təhlükəli və məsuliyyətsiz addım" adlandıraraq kəskin şəkildə pisləyib. London ABŞ və Böyük Britaniyanın müştərək istifadəsində olan strateji bazaya yönəlmiş bu hücumun uğursuzluqla nəticələndiyini bəyan edib. Britaniya Müdafiə Nazirliyinin şənbə günü yaydığı məlumatda qeyd olunur ki, İranın regionda gərginliyi artırması və Hörmüz boğazını "girov saxlaması" Britaniyanın maraqları, eləcə də müttəfiqləri üçün ciddi təhdid formalaşdırır.

Yaxın Şərqdə dördüncü həftəsinə daxil olan hərbi münaqişə yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. ABŞ və İsrail hərbi hava qüvvələrinin İranın Nətənz nüvə obyektinə zərbələr endirdiyi, Tehranın isə buna cavab olaraq ilk dəfə region hüdudlarından kənara ballistik raketlər atdığı bildirilir. İranın Nətənz uran zənginləşdirmə zavoduna edilən hücumdan sonra binalara ciddi ziyan dəysə də, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ərazidə radiasiya sızmasının qeydə alınmadığını bəyan edib. Agentlik nüvə qəzası riskindən qaçmaq üçün tərəfləri hərbi təmkin nümayiş etdirməyə çağırıb. Buna cavab olaraq İran ordusu Hind okeanının mərkəzində yerləşən ABŞ və Britaniyanın Dieqo-Qarsiya müştərək hərbi bazasına iki orta mənzilli ballistik raket atıb. Raketlərin hədəfə dəymədiyi bildirilsə də, bu hadisə İranın Yaxın Şərq hüdudlarını aşan raket imkanlarını nümayiş etdirməsi baxımından ilk hal kimi qiymətləndirilir.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Suriyanın cənubundakı hərbi obyektləri hədəf alan son hava hücumlarını ən sərt şəkildə pisləyib. Rəsmi Ankara bu addımı bölgədəki gərginliyi nəzarətdən çıxara biləcək "təhlükəli addım" kimi xarakterizə edib. Nazirliyin yaydığı rəsmi bəyanatda qeyd olunub ki, İsrailin hücumları beynəlxalq hüquq normaları ilə tamamilə ziddiyyət təşkil edir. Türkiyə Suriyanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasını qəbuledilməz adlandıraraq, dünya birliyini hərəkətə keçməyə çağırıb:

Avropa iqtisadiyyatı uzunmüddətli durğunluqdan sonra böyümə planları qurarkən, Yaxın Şərqdə alovlanan yeni müharibə bütün hesablamaları alt-üst edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları Avropa üçün "enerji şoku"na çevrilərək regionu dərin böhranla üz-üzə qoyub. Yaxın Şərqdəki münaqişə Avropa iqtisadiyyatının ən zəif nöqtəsini — dəniz marşrutlarından enerji asılılığını ifşa edib. Hörmüz boğazının faktiki blokadası nəticəsində Avropanın qaz etalonu sayılan Dutch TTF qiymətləri bir neçə gün ərzində 60%-dən çox artaraq bir meqavat-saat üçün 50 avro həddini keçib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan regional turu çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ölkə prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə bir araya gəlib. Diplomatik mənbələr görüşün əsas mövzusunun regionda genişlənən müharibə və İranın Körfəz ölkələrinə, o cümlədən BƏƏ-yə qarşı həyata keçirdiyi cavab zərbələri olduğunu bildiriblər.

İsveçrə hakimiyyəti İranla beynəlxalq silahlı münaqişədə iştirak etdiyi üçün ABŞ-a silah ixracı lisenziyalarının verilməsini müvəqqəti dayandırıb. Rəsmi Bern bu addımı ölkənin bitərəflik statusunu qorumaq zərurəti ilə əsaslandırıb. Hökumətin bəyanatında qeyd olunur ki, İranla müharibə aparan ölkələrə hərbi məhsulların ixracı döyüş əməliyyatları bitənədək qadağandır. Məlumata görə, hücumların başladığı 28 fevral tarixindən etibarən ABŞ-a hərbi ixrac üçün heç bir yeni icazə sənədi imzalanmayıb. İsrailə qarşı isə silah ixracı üçün yekun icazələrin verilməsi artıq bir neçə ildir ki, tamamilə dayandırılıb.

Enerji daşıyıcılarının qiymətindəki kəskin artımdan sonra İran müharibəsi indi də qlobal supermarket rəflərini və gündəlik qida təminatını vurur. Hörmüz boğazının hərbi əməliyyatlar səbəbindən bağlanması qlobal tədarük zəncirini iflic edib. Gəmilərin marşrutlarını dəyişməsi və daşınma xərclərinin artması fabriklərdən supermarket rəflərinə qədər hər bir məhsulun maya dəyərinə birbaşa təsir göstərir.

ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla müharibənin yekun hədəfləri barədə ziddiyyətli bəyanatlar versə də, üç həftəlik intensiv bombardmanların xəritəsi real mənzərəni ortaya qoyur. ABŞ və İsrailin vurduğu 7 800-dən çox hədəf İranın hərbi gücünün məhv edilməsindən tutmuş, rejim daxilində çevrilişə zəmin hazırlanmasına qədər geniş bir spektri əhatə edir.