BAKI, VOA, Orxan Qədirzadə
İsveçrə hakimiyyəti İranla beynəlxalq silahlı münaqişədə iştirak etdiyi üçün ABŞ-a silah ixracı lisenziyalarının verilməsini müvəqqəti dayandırıb.
VOA xəbər verir ki, rəsmi Bern bu addımı ölkənin bitərəflik statusunu qorumaq zərurəti ilə əsaslandırıb.
Hökumətin bəyanatında qeyd olunur ki, İranla müharibə aparan ölkələrə hərbi məhsulların ixracı döyüş əməliyyatları bitənədək qadağandır. Məlumata görə, hücumların başladığı 28 fevral tarixindən etibarən ABŞ-a hərbi ixrac üçün heç bir yeni icazə sənədi imzalanmayıb. İsrailə qarşı isə silah ixracı üçün yekun icazələrin verilməsi artıq bir neçə ildir ki, tamamilə dayandırılıb.
Silah ixracı ilə yanaşı, İsveçrə ABŞ-ın İrana qarşı əməliyyatlarla bağlı hava məkanından istifadə tələblərinə də ehtiyatla yanaşır. İndiyədək Vaşinqtonun hərbi aviasiya uçuşları ilə bağlı iki müraciəti rədd edilib, üçü isə qəbul olunub. İsveçrə rəsmiləri bildiriblər ki, vəziyyət mütəmadi olaraq qiymətləndiriləcək və bitərəflik qanunu çərçivəsində əlavə məhdudlaşdırıcı tədbirlər görülə bilər.