Fars körfəzinin ən strateji keçid məntəqəsi olan Hörmüz boğazı ətrafında gərginlik kritik həddə çatıb. ABŞ və İsrailin hücumlarından sonra İranın boğazı bağlaması fonunda Prezident Donald Tramp bölgədəki mühüm adaları hədəf alan hərbi planlarını yenidən gündəmə gətirib. Tramp müttəfiqlərindən boğazın açılması üçün hərbi dəstək tələb etsə də, bu müraciət gözlənilən reaksiyanı verməyib. Bunun ardınca ABŞ prezidenti İranın əsas neft ixrac terminalı olan Xark adasını işğal etməklə hədələyib. Martın 15-də adaya hava zərbələri endirildiyini elan edən Tramp, hələlik neft anbarlarının hədəf alınmadığını vurğulayıb.
#İsrailin İran hücumu
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhərinin kənarında hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən ballistik raketin qalıqlarının yerə düşməsi faciəyə səbəb olub. Hökumətin media ofisinin cümə axşamı yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.
İsrail kİV-ləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin hava zərbəsi nəticəsində həlak olduğunu irəli sürüb. Məlumata görə, Təngsiri Bəndər-Abbas şəhərinə təşkil edilən hava hücumu zamanı hədəf alınıb.
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının illik tədbirində çıxış edərək, İran rəhbərliyinin gizli şəkildə danışıqlar apardığını və saziş imzalamağa can atdığını iddia edib. Trampın sözlərinə görə, Tehran rəsmiləri bu istəklərini həm öz xalqından, həm də ABŞ-dan gələn təhlükələr səbəbindən ictimaiyyətə açıqlamaqdan çəkinirlər. Çıxışı zamanı Tramp "müharibə" ifadəsi yerinə "hərbi əməliyyat" terminindən istifadə edəcəyini bildirib. O, baş verənləri "hərbi məhv" adlandıraraq, İranın nüvə silahına sahib olma ehtimalını "xərçəng"ə bənzədib.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra strateji əhəmiyyətli Hörmüz boğazının faktiki olaraq qapanması Asiya ölkələrini dərin enerji böhranı ilə üz-üzə qoyub. Dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-nin keçdiyi bu keçid məntəqəsində gəmi hərəkətinin dayanması Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi sənaye nəhənglərində yanacaq təchizatını iflic edib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkənin enerji müstəqilliyi hədəfi istiqamətində mühüm addımların atıldığını bəyan edib. Nazir bildirib ki, "Abdülhamid Han" qazma gəmisi sabah səhər saatlarından etibarən Qara dənizdə fəaliyyətə başlayacaq. Bununla yanaşı, aprel ayında "Fatih" gəmisi ilə yeni quyuların qazılması və Somali sahillərində araşdırmaların aparılması planlaşdırılır.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın bölgədəki hərbi hərəkətliliyini və qoşun yerləşdirmə planlarını yaxından izlədiklərini bəyan edib. O, Vaşinqton administrasiyasına müraciət edərək, "Torpaqlarımızı müdafiə etmək qətiyyətimizi sınamayın" ifadəsini işlədib. Qalibaf "X" sosial media platformasında paylaşdığı mesajında Pentaqonun bölgəyə əlavə qüvvələr göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Məclis sədri qeyd edib ki, generalların və siyasi qərar vericilərin yol verdiyi səhvləri əsgərlər düzəldə bilməz. O, həmçinin ABŞ hərbçilərinin İsrailin Baş naziri Benyamin Netanyahunun xülyalarının qurbanı olacağını vurğulayıb.
İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivand davam edən müharibənin mülki əhali üzərindəki dağıdıcı təsirləri barədə məlumat paylaşıb. Rəsmi açıqlamaya görə, hücumların başlanğıcından bəri 5 yaşınadək 66 uşaq həyatını itirib. Sentyabrın 28-dən bəri hücumların mərkəzinə çevrilən Tehranda və ölkə genelində dağıntıların miqyası qorxulu həddə çatıb. Məlumata görə, ölkə boyu 85 mindən çox mülki yaşayış məntəqəsinə ziyan dəyib. Bu tikililərin 64 583-nün yaşayış evi, təxminən 20 mininin isə ticari obyekt olduğu qeyd edilib.
İran İsrailin cənubunda yerləşən Arad və Dimona şəhərlərini hədəf alan yeni cavab zərbələri həyata keçirib. İsrail ordusundan edilən yazılı açıqlamada İrandan atıldığı müəyyən edilən raketlərin qarşısının alınması üçün hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib. Hücum təhlükəsi altında olan bölgələrdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və əhalidən növbəti bildirişə qədər sığınacaqlarda qalmaları istənilib.
İran Xarici İşlər Nazirliyi ölkənin xarici siyasət idarəsinin rəhbəri Abbas Əraqçi ilə misirli həmkarı Bədr Əbdülati arasında telefon danışığının baş tutduğu barədə rəsmi məlumat yayıb. Tərəflər bölgədəki hərbi eskalasiyanın ağır nəticələrini və sülh imkanlarını dəyərləndiriblər. İran XİN-in bəyanatına görə, Abbas Əraqçi misirli həmkarı ilə söhbətində ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi təcavüzün bölgədə yaratdığı təhlükəli fəsadları geniş müzakirə edib. Əraqçi Tehranın bu hücumlara qarşı mövqeyini bir daha vurğulayıb.
ABŞ Prezidenti Trampın İranın enerji infrastrukturuna hücum planını 5 gün müddətinə təxirə saldığını açıqlamasından dərhal sonra, İsrail ordusu paytaxt Tehrana qarşı yeni bir hərbi əməliyyat başladığını duyurub. Vaşinqtonun hücumları müvəqqəti dayandırmaq qərarına baxmayaraq, İsrail tərəfi Tehranın strateji nöqtələrini hədəf almağa davam edir. Paytaxtın müxtəlif ərazilərindən partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi bildirilir. İsrail rəsmiləri bu hücumların "təhlükəsizlik təhdidləri tamamilə aradan qaldırılana qədər" davam edəcəyini vurğulayıblar.
İran bazar ertəsi günü bəyanat yayaraq, ABŞ və İsrail tərəfindən sahillərinə və ya adalarına hər hansı hücum olacağı təqdirdə Körfəz sularına "dəniz minaları" yerləşdirəcəyi ilə hədələyib. Dövlət mediası tərəfindən yayılan Müdafiə Şurasının bəyanatında qeyd edilib. "Düşmən tərəfindən İran sahillərinə və ya adalarına edilən hər hansı hücum cəhdi, təbii olaraq və mövcud hərbi təcrübəyə uyğun olaraq, Körfəzdəki bütün giriş yollarının və rabitə xətlərinin, o cümlədən sahillərdən buraxıla bilən müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq." - deyə bəyənatda qeyd edilib.