#İsrailin İran hücumu

İsrail ordusunun yaydığı rəsmi bəyanatda ABŞ qüvvələri ilə birgə İranda həyata keçirilən hava əməliyyatlarının intensivləşdiyi bildirilir. Məlumata görə, son 48 saat ərzində İranın müxtəlif bölgələrində yerləşən 40-dan çox silah istehsalı müəssisəsi hədəf alınıb. Ötən gecə paytaxt Tehran istiqamətində təşkil edilən hava hücumları zamanı strateji əhəmiyyətli hərbi zavodlara 80-dən çox bombanın atıldığı iddia olunur. İsrail qırıcılarının hədəfləri arasında uzaqmənzilli zenit raketlərinin quraşdırılması fabrikləri, tank əleyhinə raket komponentlərinin istehsalı müəssisələri və ballistik raket mühərriklərinin hazırlandığı nəhəng komplekslər yer alıb.

ABŞ rəsmilərinə istinadən yayılan məlumatlara görə, Prezident Donald Tramp İranda saxlanılan 400 kiloqramdan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın müsadirə edilməsi üçün xüsusi hərbi əməliyyat planlarını dəyərləndirir. Bu əməliyyatın olduqca mürəkkəb və riskli olduğu, ABŞ hərbçilərinin günlərlə İran ərazisində qalmasını tələb edə biləcəyi vurğulanır. Trampın müşavirləri vasitəsilə İrana "müharibənin dayandırılması müqabilində uranın təhvil verilməsi" şərtini qoyduğu iddia edilir. Tehran bu təklifi rədd edərsə, nüvə materialının güc tətbiq etməklə ələ keçirilməsi variantı aktivləşəcək. Bu məqsədlə dəniz piyadaları və paraşütçü desant bölmələrinin bölgəyə yerləşdirilməsi kimi alternativlər hazırlanır.

İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Vaşinqton və Tel-Əviv İranla aparılan danışıqların razılaşma ilə bitməməsi ehtimalına qarşı hərbi əməkdaşlığı intensivləşdiriblər. ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə toplamağa davam etdiyi və bunun gələcək hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədi daşıdığı iddia edilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü yaydığı bəyanatda İsrailin hərbi hava zərbələrindən sonra İranın Xondab bölgəsində yerləşən ağır su istehsalı zavodunun artıq istismara yararlı olmadığını bildirib. Agentlik peyk görüntülərinin müstəqil təhlilinə əsaslanaraq, 27 mart tarixində hücuma məruz qalan müəssisəyə "ciddi ziyan dəydiyini" təsdiqləyib.

ABŞ və İsrail qüvvələrinin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində paytaxt Tehranın şimal-şərq və cənub bölgələrində güclü partlayış səsləri eşidilib. Hücumlar zamanı şəhərin hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi və hədəfləri zərərsizləşdirməyə çalışdığı bildirilir.

Küveyt Mülki Aviasiya Qurumundan verilən rəsmi bəyanata görə, ölkənin əsas hava qapısı olan Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Hücum nəticəsində hava limanının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən infrastruktur zərər görüb. Bəyanatda vurğulanır ki, partlayışlar nəticəsində hava limanındakı radar sistemlərinə ciddi zərər dəyib. Bu zədələnmənin uçuşların təhlükəsizliyinə və naviqasiya xidmətlərinə necə təsir edəcəyi barədə texniki araşdırmalar aparılır. Hazırda hava limanında uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı rəsmi qərar gözlənilir.

İsrail mediasının yaydığı məlumata görə, Yəməndəki İran tərəfindən dəstəklənən husilər İsrailin cənub hissəsinə raket zərbəsi endirməyə cəhd ediblər. Bildirilir ki, atılan raket İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib. İlkin məlumatlara görə, raket hücumu nəticəsində ölən və ya yaralanan olmayıb. Bu hadisə ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yəməndən İsrailə qarşı həyata keçirilən ilk raket hücumu iddiası kimi qeyd olunub.

İran İslam Respublikası Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini kəskin tənqid edərək, onu ABŞ və İsrailin İranın nüvə obyektlərinə təşkil etdiyi hücumlara qarşı səssiz qalmaqda ittiham edib. İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda Qrossinin son açıqlamalarını "dağıdıcı" adlandırıb. Qrossinin "Nüvə müharibəsi olmadığı müddətcə heç bir döyüş İranın nüvə potensialını yox edə bilməz" sözlərinə reaksiya verən Qəribabadi yazıb.

Tramp Hörmüz boğazını İranla birlikdə idarə etməyə maraqlıdır. O bunun üçün ortaq şirkət yaradılmasını və payların bölünməsini təklif edə bilər.Bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib. Bildirilir ki, hazırda Ağ Evdə bu məsələlər ətrafında müzakirələr aparılır: “Bu faktiki Hörmüz boğazında azad naviqasiyanın sonu ola bilər. Eyni zamanda Tramp İran neftinin bir hissəsinə çıxış əldə etmək istəyir. Bu ABŞ-a İranın enerji bazarında söz sahibi olmağa imkan verə bilər. Tramp bundan əlavə İranın mis yataqlarına yatırım etmək və bunu da ortaq şirkətdə birgə idarə etməyi planlaşdırır”.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi Hörmüz boğazından keçən gəmilərin hərəkəti ilə bağlı kritik qərarını açıqlayıb. Rəsmi bəyanatda bildirilir ki, "İsrail-Amerika ittifaqı"na və onları dəstəkləyən ölkələrə məxsus, eləcə də həmin limanlara istiqamətlənən bütün gəmilərin keçidi marşrutundan asılı olmayaraq qadağan edilib.