#Pekin

Çinin xarici işlər naziri Van İ, İranda iqtisadi çətinliklər fonunda davam edən kütləvi etirazlar şəraitində Tehrana siyasi dəstək mesajı verib. Van İ bildirib ki, Pekin İran hökumətinin və xalqının birgə səylərlə çətinliklərin öhdəsindən gələcəyinə, milli sabitliyi qoruyacağına, həmçinin qanuni hüquq və maraqlarını müdafiə edəcəyinə inanır. O, eyni zamanda ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara toxunaraq, Çinin beynəlxalq münasibətlərdə güc tətbiqinə, təhdid siyasətinə və bir dövlətin iradəsinin digərlərinə zorla qəbul etdirilməsinə qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Koreya Respublikasının Prezidenti Li Cemyön Çin Xalq Respublikasına (ÇXR) dövlət səfərinə gəlib. Səfər ÇXR Sədri Si Cinpinin dəvəti ilə baş tutub və bu, Li Cemyönün prezident vəzifəsində Çinə ilk səfəridir. Səfər yanvarın 7-dək davam edəcək və Cənubi Koreya lideri paytaxt Pekin ilə yanaşı, Çin maliyyə mərkəzi Şanxaya da baş çəkəcək.

Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində "China Travel Group" (CTG) ilə birgə Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib. Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

“China Datang Corporation Ltd.” şirkəti ilə enerji keçidi, yaşıl enerji və yaşıl sənaye parkı layihələri ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, qeyri-neft sektorunun şaxələndirilməsi və yaşıl enerji konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar diqqətə çatdırılıb. Qeyd edilib ki, bərpa olunan enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və texnoloji innovasiyaların tətbiqi ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindəndir.

Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Nümayəndə heyəti Şanxay şəhərində keçirilən 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib. Sərgiyə Çin Xalq Respublikasının Baş naziri Li Çian, dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də aparıcı texnologiya şirkətlərinin rəhbərləri qatılıblar.