#Cozef Aun

ABŞ-ın Suriya və Livan üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barakın mətbuat konfransında jurnalistlərə qarşı işlədiyi ifadələr ölkədə gərginlik yaradıb. Beyrutda Livan prezidenti Cozef Aunla görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Barak, “Əgər bu görüş heyvani xaosa çevrilməyə başlasa, gedəcəyik. Mədəni olun” sözlərini işlədib. Bu açıqlama ictimaiyyətdə kəskin etiraza səbəb olub. Livan Prezident Administrasiyası həmin gün bəyanat yayaraq, qonağın söylədiyi ifadələrə görə təəssüf hissi keçirdiklərini bildirib və “insanlığa hörmətin əsas prinsip” olduğunu vurğulayıb.

Barak, Livan hökumətinin Hizbullahın tərksilahı ilə bağlı 11 bəndlik plan təqdim etdiyini və buna əməl edəcəyinə söz verdiyini qeyd edib. O, bu planın “hərbi” təşəbbüs olmadığını, vətəndaş müharibəsinə yol açmamaq üçün diqqətli olunacağını vurğulayıb. Barak, “Hizbullahın silahlarını təhvil verdiyi təsdiqlənərsə, İsrail Livan ərazisindən çəkiləcək,” iddiasında bulunub. Barak, Livan ordusunun sərhədləri qorumaq qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, BMT-nin Livan üçün müvəqqəti sülhməramlı qüvvələri (UNIFIL) mandatının bir il uzadılacağını təsdiqləyib. O, həmçinin Körfəz ölkələrinin Livan iqtisadiyyatına investisiyalar vasitəsilə dəstək verəcəyini və bu investisiyaların bütün Livan xalqı, o cümlədən cənub bölgələri üçün faydalı olacağını bildirib.

Barak dünən Beyrutda Livan prezidenti Cozef Aun ilə görüşündə atəşkəs razılaşmasının addım-addım həyata keçirildiyini qeyd edib. O, Livanın Hizbullahın tərksilahı ilə bağlı öhdəlik götürdüyünü, indi isə növbənin İsraildə olduğunu vurğulayıb. Səfirin sözlərinə görə, noyabrda əldə olunan razılaşma İsrail qoşunlarının Livandan tam çıxarılmasını nəzərdə tutsa da, hazırda beş sərhəd bölgəsində İsrail hərbçiləri qalmaqdadır. Jurnalistlərin geri çəkilmənin növbəti addım olub-olmayacağı ilə bağlı sualına isə Barak “məhz belədir” cavabını verib. O həmçinin Vaşinqtonun İsraillə təmaslarını davam etdirdiyini və yaxın həftələrdə prosesdə irəliləyiş ola biləcəyini qeyd edib.