BAKI,VOA Orxan Qədirzadə
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Bərham Saleh Suriyanın İdlib və Hələb vilayətlərinə səfəri zamanı ölkədə həyata keçirilməsi nəzərdə tutulan “Düşərgəsiz Suriya” planına dəstəyini açıqlayıb.
Saleh İdlibin şimalında yerləşən Mühacir düşərgəsini ziyarət edərək burada yaşayan məcburi köçkünlərin vəziyyəti ilə tanış olub, onların ehtiyaclarını dinləyib.
BMT rəsmisi bildirib ki, təşkilat Suriyanın bərpa və sabitləşmə mərhələsində ölkəyə dəstək göstərməyə, məcburi köçkünlərin öz yaşayış məntəqələrinə təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıtması üçün beynəlxalq təşkilatlar və donor ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
“Düşərgəsiz Suriya” planı
Suriyada “Düşərgəsiz Suriya” planı Prezident Əhməd əş-Şəraa tərəfindən mayın 9-da elan edilib. Planın əsas məqsədi ölkədə daxili köçkünlük probleminin mərhələli şəkildə aradan qaldırılması, düşərgələrin ləğvi və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün davamlı şəraitin yaradılmasıdır.
İdlib rəsmilərinin məlumatına görə, Bəşşar Əsəd hakimiyyətinin süqutundan sonra təxminən 174 min ailə düşərgələrdən öz şəhər və kəndlərinə qayıdıb.
2024-cü ilin dekabrında ölkə üzrə 1146 düşərgədə təxminən 266 min ailə yaşayırdı. Hazırda isə düşərgələrdə təxminən 91 min ailənin qaldığı və düşərgələrin sayının 700-ə yaxın olduğu bildirilir.
Qayıdış üçün infrastruktur vacibdir
BMT rəsmisi İdlibdə məcburi köçkünlərin qayıdışını dəstəkləmək üçün infrastrukturun bərpası və ailələr üçün gəlir imkanlarının yaradılmasının vacibliyini vurğulayıb.
Saleh Hələbdə də yerli rəsmilərlə görüşərək məcburi köçkünlərin öz yaşayış məntəqələrinə qayıtması üçün şəraitin yaradılması məsələsini müzakirə edib.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Suriyada qayıdış prosesinin təhlükəsiz, könüllü və davamlı şəkildə həyata keçirilməsinə dəstək verməyi planlaşdırır.