BAKI,VOA
Allah təalə məxluqatı yaratmış və hər birinə xilqətinə uyğun yaşam tərzi təyin etmişdir. İnsana da dünya və axirətdə faydalı olan şeyləri göstərmiş, zərərli olanlardan da çəkindirmişdir. İslam dini əksər yeyəcək və içəcəkləri halal etmişdir, çox az bir hissəsini isə haram qılmışdır. Haram olanları Allah təalə Öz Kitabında, Peyğəmbəri də öz sünnətində bizə bildirmişdir. Lakin yemək-içməklə bağlı bir qrup, ələlxüsus da keçmişdə mövcud olmayıb daha sonra meydana çıxan qida növləri vardır ki, bunlar İslamın ümumi prinsip və əsasları ilə tənzimlənir.
Onu da qeyd etməliyik ki, İslam dininin məqsədlərindən biri də insanın canını və ağlını qorumaqdır. Uca Allah Mübarək Kitabında buyurur: “Öz əllərinizlə özünüzü təhlükəyə atmayın.” Həmçinin Allah Rəsulu buyurur: “Nə zərər vermək, nə də zərərə zərərlə qarşılıq vermək olmaz.”
Bu əsaslara görə pak şəriətimizin bu buyruqlarını rəhbər tutan alimlər zərərli qidaların hökmləri haqqında da müəyyən fikirlər bildirmişlər. Onların bəziləri qadağan edilən zərərin meyarı ilə bağlı açıq və konkret ölçülər qoymasalar da, ümumi ifadələrindən zərərin miqdarı ilə bağlı mövqelərini anlamaq mümkündür.
Məzhəblərə görə zərərli qidaların hüquqi statusu
Hənəfi məzhəbi: Hənəfi alimləri bu mövzudan geniş bəhs etməsələr də, bəzi kitablarında torpaq kimi zərərli şeylərin yeyilməsini tənzihən məkruh hesab etmişlər. Lakin Hənəfilərin insanın yemək-içməyi tərk edərək özünü ölümə məhkum etməsinin haram olduğunu bildirmələri göstərir ki, onlar insanı birbaşa həlaka aparan hər bir şeyin haram olduğu qənaətindədirlər. Ümumilikdə, Hənəfi alimlərinin sözlərindən belə anlaşılır ki, onlar insanı birbaşa həlaka aparan şeylərlə, bu kateqoriyadan aşağı dərəcədə olmasına rəğmən – torpaq kimi – zərəri çox olan maddələr arasında fərq qoymuşlar. Birincinin haram olduğunu bildirdikləri halda, ikinciyə tənzihən məkruh hökmü vermişlər.
Maliki məzhəbi: Maliki alimləri də insanı birbaşa həlaka aparan zərərli qidaların hökmündən bəhs etmiş və bildirmişlər ki, zəhər kimi insan bədənini fəsada uğradan maddələr haramdır. Bundan əlavə, bəzi Maliki alimlər torpaq yeməyin bədənə əziyyət verməsini əsas gətirərək, bunu məkruh, bəziləri isə haram hesab etmişlər. Lakin Maliki hüququnda əsas nəzərə alınan görüşə görə torpaq yemək, haramdır. Maliki alimlərinin sözlərindən belə nəticə çıxır ki, zərəri çox olan şeylər haram hökmünə daxildir.
Şafii məzhəbi: Şafii alimləri bildirirlər ki, daş, torpaq və şüşə yemək kimi insan bədəninə və əqlinə zərərli olan hər bir şeyi yemək və ya içmək haramdır. Qadağan olunan zərərin meyarına gəldikdə isə bildirirlər ki, bu, adətən insanın dözə bilməyəcəyi, tab gətirə bilməyəcəyi səviyyədəki bir zərərdir. Lakin, məsələn, havası bayıra çıxmayan müəyyən qaba əti qoyub əvvəldən ta bişənə qədər bu şəkildə saxlayaraq qızardılan əti yeməyi zərərli olması ehtimalından dolayı məkruh hesab etmişlər. Beləliklə, Şafii alimləri bədənin tab gətirə bilməyəcəyi dərəcədə olan zərəri haram saymış, bundan aşağı səviyyədə olan – çox və ya orta – zərəri isə məkruh kimi qiymətləndirmişlər.
Hənbəli məzhəbi: Hənbəli alimlərinə görə də zəhər kimi bədəni birbaşa məhv edən qidaları yemək haramdır; torpaq kimi zərərli şeyləri yemək məkruhdur . Lakin bu kimi zərərli şeylərin az miqdarını yemək mübahdır/icazəlidir. Bu səbəbdən onların bu mövzuda qoyduqları ölçü belədir: “Çoxu zərərli olanın azı mübahdır”. Bu səbəblə az miqdarda torpaq yeməyi mübah saydıqları kimi, az miqdarda zəfəran yeməyi də mübah hesab etmişlər. Belə ki, çoxlu miqdarda zəfəran qəbul edildikdə bədənə zərər verə bilər. Beləliklə, Hənbəli alimlərinə görə yeyiləcək bir şey insanı birbaşa həlaka aparırsa, onun hökmü haramdır; zərəri çoxdursa, məkruhdur; azdırsa, mübahdır.
Son olaraq qeyd etmək lazımdır ki, klassik dini ədəbiyyatda İslam alimlərinin bu mövzuda gətirdikləri daş, torpaq, şüşə və zəhər kimi misallar o dönəmə xas misallardır. Təbii ki, günümüzdə mövcud qida növlərində müşahidə edilən zərərli maddələr onların dönəmində olmadığından gətirilən misalları anlayışla qəbul etməli və mövzunu təyin etdikləri zərər meyarları və hökmləri üzərindən dəyərləndirməliyik.