BAKI,VOA, Fərid Mikayılov
Mançester Siti yay transfer pəncərəsi öncəsi Sportinqin kapitanı Morten Hjulmandın transferi üçün fəallığını artırıb.
VOA xəbər verir ki, İngiltərə klubu artıq Portuqaliya təmsilçisi ilə qeyri-rəsmi əlaqələr qurub və idman direktoru Huqo Viana oyunçu ilə yenidən işləmək niyyətindədir.
Məlumata əsasən, danimarkalı yarımmüdafiəçi üçün Yuventus və Mançester Yunayted də maraq göstərir. Lakin Viananın futbolçunu yaxşı tanıması və klublar arasında münasibətlərin müsbət olması Mançester Sitini əsas namizədə çevirir.
Qeyd olunur ki, Hjulmandın müqaviləsində 80 milyon avroluq sərbəstqalma maddəsi olsa da, Sportinq rəhbərliyi 40-50 milyon avro civarında təklifləri nəzərdən keçirməyə hazırdır.
Bildirilir ki, 26 yaşlı yarımmüdafiəçi son mövsümlərdə komandasının əsas oyunçularından biri olub və liderlik keyfiyyətləri ilə seçilib. Onun taktiki düşüncəsi, müdafiə intizamı və oyunun tempini idarə etmək bacarığı yüksək qiymətləndirilir.
Mənbələrə görə, Mançester Siti yarımmüdafiə xəttinin gələcək strukturunu nəzərdən keçirir və Rodri ilə bağlı qeyri-müəyyənlik fonunda Hjulmandı potensial əsas fiqur kimi görür.
Sportinq isə mümkün ayrılığa hazırlaşaraq artıq futbolçunun əvəzləyiciləri üzərində iş aparır. Transfer baş tutacağı halda əldə ediləcək vəsaitin əsasən yarımmüdafiə xəttinin gücləndirilməsinə yönəldiləcəyi gözlənilir.