BAKI,VOA, Fərid Mikayılov
İngiltərə millisinin sabiq hücumçusu Rahim Sterlinq doqquz aylıq fasilədən sonra ilk rəsmi oyununa çıxıb və mümkün milli komandaya dönüşlə bağlı sualı cavablandırıb.
VOA xəbər verir ki, 31 yaşlı futbolçu Londonun Çelsi klubundan ayrıldıqdan sonra Niderlandın Feyenoord komandası ilə qısamüddətli müqavilə imzalayıb.
O, Erediviziya təmsilçisinin heyətində debütünü Telstar üzərində 2:1 hesablı qələbə ilə başa çatan oyunda ehtiyat oyunçular skamyasından meydana daxil olaraq edib.
İngiltərə yığmasının baş məşqçisi Tomas Tuxel ilə əlaqə saxlayıb-saxlamadığı barədə sualı cavablandıran Sterlinq bildirib:
“Onunla danışmamışam. Sadəcə futbol oynamağa davam etmək lazımdır, ən vacib məsələ budur.”
Sterlinq əvvəllər Çelsidə Tomas Tuxel ilə birgə çalışıb. Alman mütəxəssis 2022-ci ildə futbolçunun transferinə şəxsən razılıq vermişdi.
Sterlinq sonuncu dəfə 2022-ci il dünya çempionatında İngiltərə millisinin heyətində çıxış edib. Klub səviyyəsində isə son oyunu 25 may 2025-ci ildə icarə əsasında çıxış etdiyi Arsenalın heyətində baş tutmuşdu.
İş icazəsində yaranan gecikməyə görə bir müddət Belçikada məşq edən futbolçu artıq komanda ilə tam şəkildə məşqlərə qoşulub.
“Möhtəşəm başlanğıcdır. Komandaya uyğunlaşmaq və futbolçularla yaxından tanış olmaq üçün yaxşı fürsət oldu. Uzun müddət oynamamışdım, indi isə addım-addım oyun ritmini bərpa etməyə çalışıram” – deyə Sterlinq vurğulayıb.
Feyenoordun baş məşqçisi Robin van Persi Sterlinin “istisna keyfiyyətlərə malik” olduğunu bildirib, lakin futbolçunun hələ tam 90 dəqiqə oynamağa hazır olmadığını qeyd edib.