BAKI,VOA
Azərbaycanda 2027-ci ilin dekabrınadək innovasiya fəaliyyətində fəal iştirak edən dövlət və özəl sektor subyektlərinin sayının 40-a çatdırılması hədəflənir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov “Plug and Play × IDDA – Industry Challenge” innovasiya vörkşopunda deyib.
O bildirib ki, bu hədəf Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulub.
F.Osmanovun sözlərinə görə, Fəaliyyət Planının prioritetlərindən biri dövlət müəssisələrinin və özəl sektorun innovasiya fəaliyyətində iştirakının artırılmasıdır.
“Hədəf 2027-ci ilin dekabrınadək innovasiya fəaliyyətində fəal iştirak edən dövlət və özəl sektor subyektlərinin sayını 40-a çatdırmaqdır”, – deyə o bildirib.
F.Osmanov qeyd edib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Plug and Play” tərəfindən birgə həyata keçirilən “Industry Challenge Workshop”lar da Fəaliyyət Planının məqsədlərinə birbaşa töhfə verir.
Onun sözlərinə görə, uğurlu innovasiya ekosistemi yalnız startaplar hesabına formalaşa bilməz. Bunun üçün öz ehtiyaclarını aydın şəkildə müəyyənləşdirən, sahibkarlarla əməkdaşlığa açıq olan, yeni texnologiyaları sınaqdan keçirən və uğurlu həlləri fəaliyyətinə tətbiq etməyə hazır təşkilatların olması vacibdir.
Agentlik sədri vurğulayıb ki, Azərbaycanın rəqəmsal transformasiyasında innovasiyalar real ehtiyaclara cavab verməli və praktiki nəticələr yaratmalıdır.
O bildirib ki, əsas infrastruktur və nəqliyyat təşkilatları üçün rəqəmsal transformasiya yalnız yeni texnologiyaların tətbiqindən ibarət deyil. Burada əsas məqsəd əməliyyat səmərəliliyinin, etibarlılığın, təhlükəsizliyin və dayanıqlılığın artırılması, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
F.Osmanov əlavə edib ki, bunun üçün dövlət qurumları, dövlət müəssisələri, texnologiya şirkətləri, startaplar, investorlar və beynəlxalq innovasiya şəbəkələri arasında sıx əməkdaşlıq tələb olunur.
O, həmçinin Azərbaycan Dəmir Yolları və Bakı Metropoliteninin konkret əməliyyat problemlərinin innovativ həllərə açılmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu yanaşma həmin qurumların yalnız innovasiyaları tətbiq edən tərəf deyil, həm də innovasiyanın inkişafını təşviq edən fəal iştirakçıya çevrilməsinə imkan verə bilər.