Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    1 Sentyabr 2026 19:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatı (Digital Cooperation Organization - DCO) üzvlüyünə namizədliyinin təsdiqlənməsi ölkəmizin beynəlxalq innovasiya və rəqəmsal iqtisadiyyat xəritəsindəki mövqeyini keyfiyyətcə yeni mərhələyə çıxarır. Təşkilatın 2026-cı il avqustun 28-də Ər-Riyadda keçirilən iclasında qəbul edilən qərara əsasən, Azərbaycan da daxil olmaqla üzv ölkələrin sayının 16-dan 24-ə çatdırılması ilə bu platforma 980 milyon əhalisi olan böyük bir coğrafiyanı əhatə edəcək.

    2022-ci ildə DCO Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müşahidəçi statusu qazanıb ki, bu da təşkilatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.

    Bu fikirlər şərqşünas, tədqiqatçı Rasim Abdullanın "Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzvlük Azərbaycana nə vəd edir?"

    "DCO üzvlüyü Azərbaycanın mövcud rəqəmsal siyasətini əvəzləmək deyil, onun beynəlxalq miqyasda genişlənməsinə və yeni tərəfdaşlarla zənginləşməsinə xidmət edir. Belə ki, Azərbaycan son illərdə rəqəmsal transformasiya sahəsində mühüm addımlar atıb, mühüm strateji sənədlər qəbul edib.

    Məhz bu cəhətdən DCO-ya üzvlüyün Azərbaycan üçün mühüm faydaları ola bilər. Məsələnin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan digər tərəfi DCO-nun qurucu və aparıcı dövlətlərinin əhəmiyyətli hissəsinin Azərbaycana dost ərəb ölkələri olmasıdır. Ərəb dünyasında son on ildə rəqəmsal transformasiya yalnız xidmətlərin elektronlaşdırılması deyil, iqtisadiyyatın strukturunun dəyişdirilməsi, süni intellekt, data iqtisadiyyatı, milli rəqəmsal identifikasiya, bulud infrastrukturu və insan kapitalının inkişafı ilə birlikdə həyata keçirilir.

    DCO-nun təsisçisi və "mühərriki" olan Səudiyyə Ərəbistanının timsalında bu təşəbbüsün miqyasını aydın görmək mümkündür. 2019-cu ildə yaradılan Səudiyyə Məlumat və Süni İntellekt İdarəsi (SDAIA) altı istiqamətli Milli Data və Süni İntellekt Strategiyasını (NSDAI) həyata keçirir. 2026-cı il ölkədə rəsmən "Süni İntellekt İli" elan olunub. Həmin ölkənin HUMAIN təşəbbüsü çərçivəsində elan edilmiş investisiya öhdəlikləri - Google Cloud ilə 10 milyard dollarlıq tərəfdaşlıq, Blackstone ilə data mərkəzləri üzrə 3 milyard dollarlıq razılaşma və NVIDIA-nın çoxillik çip tədarükü müqavilələri daxil olmaqla - məcmu şəkildə 100 milyard dolları keçib. Nəticə özünü göstərir: Səudiyyə Ərəbistanı 2025-ci il Qlobal Süni İntellekt İndeksində 14-cü, IMD-nin 2026-cı il Dünya Rəqabətqabiliyyətlilik İlliyində isə 13-cü yerdə qərarlaşıb, G20 ölkələri arasında isə üçüncüdür.

    Azərbaycanın artıq Səudiyyə Ərəbistanı ilə bu sahədə praktiki əməkdaşlıq təcrübəsinin olması da diqqətəlayiqdir. 2025-ci ildə Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndə heyəti Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsi (DGA) nəzdindəki "Innovation Hub", Data və Süni İntellekt üzrə İdarəsi (SDAIA), Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və "KAPSARC"da görüşlər keçirib. Səudiyyə tərəfi Azərbaycanın rəqəmsal sənəd dövriyyəsi həllərinə xüsusi maraq göstərib.

    Bu, DCO platforması daxilində iki istiqamətli əməkdaşlıq üçün hazır baza deməkdir: Azərbaycan Səudiyyənin data, AI və rəqəmsal dövlət təcrübəsindən faydalana, eyni zamanda, öz “mygov”, SİMA, Digital Bridge və digər həllərini üzv ölkələrə təqdim edə bilər. Azərbaycanın DCO Baş Assambleyasında bu məhsulları təqdim etməsi artıq başlamış prosesdir.

    "Rəqəmsal İpək Yolu" qovşağına çevrilmə hədəfi

    DCO üzvlüyü Azərbaycana həmin qaydaların formalaşdırılmasında birbaşa iştirak etmək fürsəti tanıyır. Şübhəsiz ki, bu üzvlüyün əsas potensial üstünlüyü texnologiyanı xaricdən sadəcə “almaq” deyil. Daha strateji məqsəd Azərbaycanın malik olduğu insan kapitalını və artıq formalaşdırdığı rəqəmsal imkanları bəzi üzv ölkələrin maliyyə kapitalı, bilik və texnoloji təcrübəsi ilə birləşdirərək yeni regional əməkdaşlıq modeli yaratmaqdır.

    Azərbaycanın DCO-ya üzvlüyü ölkənin Qafqaz regionunda rəqəmsal iqtisadiyyat mərkəzinə çevrilməsi yolunda mühüm addımdır. Təşkilatın ilk dəfə Qafqaza açılması Azərbaycana regionda rəqəmsal əməkdaşlığın koordinatoru rolunu oynamaq imkanı yaradır. Bu, həm milli rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, həm də iqtisadi diversifikasiya strategiyasının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

    Nəhayət, coğrafi baxımdan Azərbaycanın Orta Dəhliz üzərində yerləşməsi onu Mərkəzi Asiya, Qafqaz və Körfəz bölgəsi arasında rəqəmsal əlaqələndirici rolunu oynamağa hazırlayır - məhz bu üç regionun DCO-ya paralel qoşulması təsadüfi deyil, ortaq rəqəmsal dəhlizin formalaşmasına işarədir. Buna görə də Azərbaycanın DCO-ya tamhüquqlu üzvlüyü ölkəmizin Şərq və Qərb arasında təkcə fiziki nəqliyyat və enerji koridoru deyil, "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) qovşağına çevrilməklə bağlı strateji hədəfini gerçəkləşdirəcək".

    #Azərbaycan #Səudiyyə Ərəbistanı #Süni intellekt #Cənubi Qafqaz #Orta Dəhliz #Ər-Riyad #rəqəmsal iqtisadiyyat #Rasim Abdulla #Rəqəmsal Əməkdaşlıq Təşkilatı #Rəqəmsal İpək Yolu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    1 Sentyabr 2026 19:35

    Azərbaycanla Bəhreyn iqtisadi və enerji əməkdaşlığını müzakirə edib

    1 Sentyabr 2026 16:32

    Pakistan Baş naziri ölkənin ŞƏT sədrliyi üzrə prioritetlərini açıqlayıb

    1 Sentyabr 2026 16:12

    Ermənistan Azərbaycanla dövlətlərarası kommunikasiyaların açılması istiqamətində işləyir - Paşinyan

    1 Sentyabr 2026 14:38

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    2030-cu ilədək buğda və arpa toxumu ilə təminat 100 faizə çatdırılacaq - Taleh Zeynalov

    1 Sentyabr 2026 12:48

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

    1 Sentyabr 2026 11:05

    Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir

    1 Sentyabr 2026 09:22

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    31 Avqust 2026 21:13

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    31 Avqust 2026 20:11
    XƏBƏR LENTİ

    İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    840 milyon riyallıq tarixi müqavilə tamamlandı - "Əl-Hilal"ın 70 faizi satıldı

    Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzvlük Azərbaycana nə vəd edir?

    Prezident İlham Əliyevin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

    Qətər İsraili Yaxın Şərqdəki böhrandan istifadə etməkdə ittiham edib

    ABŞ-nin hücum və təzyiqlərinə qarşı müqaviməti davam etdirəcəyik - İran

    ABŞ-nin təzyiq və təhdid siyasəti diplomatiyanı poza bilər - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.