Baş xəbər

Sudanın qərbində yerləşən Darfur bölgəsinin mümkün şəkildə ölkədən ayrılması təkcə Sudanın daxili siyasi böhranını deyil, həm də Afrika və ərəb dünyasının təhlükəsizlik balansını dəyişə biləcək amil kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, belə bir ssenari yeni humanitar böhranlara, sərhəd mübahisələrinə və separatçı meyllərin güclənməsinə səbəb ola bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ üzvü olmaqda ittiham edilən Burkay Karatepe və ona yardım etdiyi iddia olunan şəxslər barəsində rəsmi şikayət edib. Şikayət ərizəsində Karatepenin 15 iyul 2016-cı il çevriliş cəhdi zamanı Marmarisdə Ərdoğana qarşı sui-qəsd qrupunda yer aldığı bildirilib. Onun və digər şübhəlilərin prezidentə sui-qəsd, Konstitusiyanı pozma, terror təşkilatına üzvlük və digər ağır cinayətlər üzrə istintaqa cəlb olunması tələb edilir.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni model hazırlayırlar. Plana əsasən, yeni marşrutun böyük hissəsi İranın, qalan hissəsi isə Omanın ərazi sularından keçəcək. Mövcud müvəqqəti şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur. Yeni dəhlizin ilkin mərhələdə 2–4 ay və ya daha uzun müddət istifadəsi planlaşdırılır.

Prezidentin köməkçisi Hikmət Hacıyev "Türkiye Gazetesi"ndə yayımlanan reportajda ona aid edilən bəzi fikirlərin təhrif olunduğunu bildirib. O, jurnalist Yılmaz Bilgenin hazırladığı materialda sitatlarının düzgün təqdim edilmədiyini qeyd edib. Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürütməyə davam edir.

Meta şirkəti Narendra Modinin paylaşımının səhvən məhdudlaşdırılmasına görə Hindistan hökumətindən üzr istəyib. Şirkət bunu əməliyyat xətası ilə izah edib. Eyni zamanda, Meta India rəhbərinə Modini təhqir etdiyi iddia olunan videolarla bağlı cinayət işi açılıb. Yerli KİV-in məlumatına görə, Mark Zukerberq də Hindistan hökuməti qarşısında platformalarda uşaq cinsi istismarı materialları və "deepfake" məzmunla bağlı nöqsanlara görə üzr istəyib. Bu hadisələr Meta ilə Hindistan hökuməti arasında məzmunun idarə olunması ilə bağlı gərginliyin davam etdiyini göstərir.

BMT bildirib ki, Livanda müharibə nəticəsində didərgin düşmüş 821 mindən çox insan evlərinə qayıtmağa başlayıb. Bununla belə, 360 mindən çox şəxs hələ də məcburi köçkün olaraq qalır və onların 26 minə yaxını dövlət sığınacaqlarında yaşayır. Məlumat Romada İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə keçirilən danışıqlar fonunda açıqlanıb. Livanın məlumatına görə, münaqişə nəticəsində 4 300-dən çox insan həlak olub.

Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani avqustun 6-da Türkiyəyə işgüzar səfər edəcək. Tərəflər terrorla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi, Suriyanın şimal-şərqinin mərkəzi hökumətə inteqrasiyası və Dəməşqin təhlükəsizlik potensialının artırılması məsələlərini nəzərdən keçirəcəklər. Görüşdə, həmçinin 2024-cü ilin dekabrından etibarən iqtisadiyyat, təhlükəsizlik və ictimai barışıq sahələrində əldə olunan nəticələr qiymətləndiriləcək. İkitərəfli münasibətlərin institusional əsasda inkişafı, Suriya Xalq Məclisinin fəaliyyətə başlaması fonunda parlamentlərarası əməkdaşlıq və qarşıdakı yüksək səviyyəli səfərlər də gündəmdə olacaq.

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-4.13-cü maddəsində qeyd edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə və ya təqdim edilməsi müddətinin pozulmasına, yaxud natamam və ya təhrif edilmiş məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər 6000 manatdan 7000 manatadək məbləğdə, hüquqi şəxslər 15 min manatdan 20 min manat manatdək məbləğdə cərimə ediləcək.

Ukraynada müharibə meydanında istifadə edilən “Aerorozvidka” təşəbbüsünün yaratdığı “Delta” rəqəmsal döyüş idarəetmə sistemi ABŞ ordusunun diqqətini çəkib. ABŞ Quru Qoşunlarının rəhbərliyi bu sistemin bəzi imkanlarının hazırda Amerika ordusunda mövcud olan imkanları üstələdiyini etiraf edib. Söhbət 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra bir qrup ukraynalı mühəndis və proqramçının yaratdığı layihədən gedir. Həmin dövrdə mülki sahədə çalışan texnologiya mütəxəssisləri kommersiya məqsədli kiçik pilotsuz uçuş aparatlarını döyüş şəraitinə uyğunlaşdırmağa başlayıblar.

Fyodor Dostoyevski yaradıcılığı sadəcə bədii ədəbiyyatın və insan psixologiyasının dərinliklərini araşdıran bir irs deyil, həm də gələcəyin siyasi mənzərəsini onilliklər əvvəl cızan bəsirətli bir uzaqgörənlik nümunəsidir. Böyük yazıçının XIX əsrdə dilə gətirdiyi fəlsəfi və publisistik fikirlər, XXI əsrin reallıqlarında – xüsusilə cəmiyyətlərdə ateizmin yayılması, inqilabların gətirdiyi xaos və postsovet məkanındakı kəskin hərbi-siyasi böhranlar fonunda yenidən diqqət çəkir. Müəllif sanki əsrlər sonra baş verəcək geosiyasi qırılmaların, müasir regional münaqişələrin gedişatını və milli kimlik qarşıdurmalarını əvvəlcədən təhlil edir, bu mürəkkəb proseslərin hansı nöqtəyə varacağını öz baxış bucağından təxmin edirdi.

Afrikanın Sahil bölgəsində iqlim böhranı, səhralaşma, su qıtlığı və kütləvi miqrasiya təhlükəsizlik problemlərini daha da dərinləşdirərək regiondakı münaqişələrin xarakterini dəyişir. Araşdırmalara görə, quraqlıq və torpaq deqradasiyası təkbaşına müharibələrə səbəb olmasa da, zəif idarəçilik, yoxsulluq və resurs uğrunda rəqabətlə birləşərək silahlı qrupların fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır.