BAKI,VOA,Yusif Şərifzadə
İsrail ordusu cümə axşamı Qəzza şəhərinin müxtəlif bölgələrinə endirilən iki ayrı zərbə nəticəsində HƏMAS və Fələstin İslami Cihadının iki komandirinin öldürüldüyünü açıqlayıb. İsrail tərəfinin bu şəxslərlə bağlı irəli sürdüyü iddialar müstəqil şəkildə təsdiqlənməyib.
VOA xəbər verir ki, İsrail ordusunun məlumatına görə, Qəzza şəhərindəki Əş-Şati qaçqın düşərgəsinə endirilən zərbə nəticəsində İbrahim Nəbil İbrahim Bass öldürülüb. İsrail tərəfi onun HƏMAS-ın hərbi qanadının komandirlərindən biri olduğunu iddia edib.
İsrail ordusu Bassın 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə keçdiyini və həmin gün həyata keçirilən hücumlarda iştirak etdiyini bildirib. Lakin bu iddianı təsdiqləyən sübut təqdim edilməyib.
Qəzza şəhərinin əs-Səbrə bölgəsinə endirilən digər zərbə nəticəsində isə Həmdi Əhməd Həmid Xəlilin öldürüldüyü açıqlanıb. İsrail ordusu onu Fələstin İslami Cihadının müşahidə bölüyünün komandiri kimi təqdim edib.
İsrail tərəfi hər iki şəxsin son dövrlərdə İsrail qüvvələrinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında iştirak etdiyini də iddia edib. Onların atəşkəs razılaşmasını pozaraq təmsil etdikləri silahlı qrupların imkanlarını yenidən gücləndirməyə çalışdıqları irəli sürülüb.
İsrail ordusu bu iddiaları təsdiqləyən dəlillər açıqlamayıb. Verilən məlumatların müstəqil mənbələr tərəfindən təsdiqlənməsi də mümkün olmayıb.