İsrail ordusu və sərhəd polisi Qusra kəndində israillilərin iştirakı ilə baş verən qarşıdurmaya müdaxilə etdiklərini açıqlayıblar. İsrail tərəfinə görə, onlarla israilli fələstinliyə məxsus evə daxil olaraq orada mövqe tutub. Hadisə zamanı biri qadın olmaqla bir neçə fələstinlinin yaralandığı bildirilir. Fələstinlilərə daş atılması barədə də məlumat verilib. İsrail qüvvələri evə daxil olan israilliləri ərazidən çıxardıqlarını açıqlayıblar. Onların nəqliyyat vasitələrinin müsadirə edildiyi bildirilib. Qusra kəndinin başçısı isə İsrail qüvvələrinin mühasirədə qalan fələstinliləri həbs etməyə çalışdığını deyib. Hadisə İordan çayının qərb sahilində məskunlaşanlarla fələstinlilər arasında gərginliyin davam etdiyi şəraitdə baş verib.