BAKI,VOA Orxan Qədirzadə
Pakistan Ali Məhkəməsi keçmiş baş nazir İmran Xanın səhhəti ilə bağlı narahatlıqlar fonunda onun həbsxanadan xəstəxanaya köçürülməsinə qərar verib.
Qərar Xanın ailəsi və Pakistan Ədalət Hərəkatı Partiyasının müraciətlərindən sonra qəbul edilib. Partiyanın sözçüsü Zülfiqar Buxari bildirib ki, Xanın xəstəxanada həkimlərin səhhətindən tam əmin olacağı müddətədək qalması vacibdir.
73 yaşlı İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. Onun vəkilləri həbsdə olduğu müddətdə xüsusilə sağ gözündə görmə qabiliyyətinin ciddi şəkildə zəiflədiyini bildiriblər.
Partiyanın digər sözçüsü Naim Heydər Pəncutha Ali Məhkəmənin Xanın 48 saat ərzində İslamabaddakı “Şifa” Beynəlxalq Xəstəxanasına köçürülməsinə və sentyabrın 16-dək orada saxlanılmasına qərar verdiyini açıqlayıb.