Digər Xəbərlər

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampı ünvanına sərt ittihamlar səsləndirərək onu "yalanı təkrarlamaqda" günahlandırıb. İsmayıl Bəqayi "X" sosial media hesabı vasitəsilə etdiyi açıqlamada Donald Trampın ABŞ Konqresindəki çıxışı zamanı İran haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib. O, Trampın iddialarını kəskin tənqid edərək, bu cür bəyanatların saxta reallıq yaratmaq məqsədi daşıdığını qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Konqresdəki ənənəvi "Birliyin vəziyyəti" müraciəti zamanı xarici siyasət, xüsusilə İran və Qəzza məsələlərinə toxunaraq mühüm açıqlamalar verib. Prezident Donald Tramp ikinci prezidentlik dövrünün ilk ilini dəyərləndirərkən İranın ABŞ-a çata biləcək raketlər inkişaf etdirməyə çalışdığını iddia edib. O, bu problemin həllində diplomatiyaya üstünlük verdiyini, lakin Tehranın nüvə silahı əldə etməsinə heç bir halda yol verməyəcəyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukrayna üzrə Humanitar Yardım Koordinatoru Mattias Şmale, 2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsinin beşinci ilinə qədəm qoyması ilə bağlı Cenevrədə həftəlik mətbuat konfransı keçirib. Şmale bildirib ki, müharibənin yaratdığı ağır humanitar böhran nəticəsində hazırda Ukraynada 10,8 milyondan çox insan təcili humanitar yardıma ehtiyac duyur. Bu rəqəm ölkə əhalisinin təxminən dörddə birini təşkil edir və bura Rusiya tərəfindən işğal edilmiş ərazilərdə yaşayan bir milyona yaxın şəxs də daxildir.

ABŞ-ın avtomobil istehsalçısı "Ford", "Explorer" modelinə aid 400 mindən çox SUV avtomobilini texniki nasazlıq səbəbindən geri çağıracağını elan edib. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən açıqlamaya görə, sözügedən nəqliyyat vasitələrinin arxa asqı sistemindəki birləşdirici çubuqlarda qırılma riski aşkar edilib. Bu hissənin qırılmasının sürücünün idarəetməni itirməsinə və ciddi qəzalara yol aça biləcəyi xüsusi vurğulanıb.

Avstraliyanın Baş naziri Entoni Albanizi, Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümü münasibətilə etdiyi açıqlamada Moskvaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğunu elan edib. Baş nazir sosial media hesabı vasitəsilə bildiriş yayaraq, Rusiyanın hərəkətlərinin beynəlxalq hüququ kobud şəkildə pozduğunu, bu əməllərin "qeyri-qanuni və qəbulolunmaz" olduğunu vurğulayıb. Yeni sanksiya paketi Rusiya ilə əlaqəli 180 fiziki şəxs, müəssisə və xüsusilə Rusiyanın beynəlxalq məhdudiyyətlərdən yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" məxsus gəmiləri hədəf alır.

Pakistanın Bəlucistan vilayətində yerləşən Pəncqur bölgəsində baş verən iki ayrı hadisə nəticəsində 8 nəfər həyatını itirib. Motosikletli silahlı şəxslər yoldan keçən iki avtomobili hədəf alaraq onlara atəş açıblar. Avtomobildə olanların cavab atəşi verməsi ilə tərəflər arasında qısamüddətli və şiddətli atışma baş verib. Çatışma başa çatdıqdan sonra nəqliyyat vasitələrindəki 6 nəfərin öldüyü müəyyən edilib. Hücum edən şəxslər hər iki avtomobili yandırdıqdan sonra hadisə yerindən qaçmağa nail olublar.

İranın İsfahan vilayətinə bağlı Dorçi şəhərində bir helikopter hələlik müəyyən edilməyən səbəbdən meyvə-tərəvəz bazarına düşüb. İran dövlət televiziyası qəzaya uğrayan helikopterin ilk görüntülərini yayımlayıb. Hadisə şahidlərinin bildirdiyinə görə, helikopterin düşməsi ərazidə böyük təşvişə səbəb olub. Yayımlanan görüntülərdə helikopterin yerə çırpılmasından sonra ərazidə güclü yanğının başladığı və yanğınsöndürmə briqadalarının dərhal hadisəyə müdaxilə etdiyi əks olunub. Qəza yerinə çoxlu sayda təhlükəsizlik qüvvələri və təcili yardım briqadaları cəlb edilib. Yanğın qısa müddət ərzində nəzarətə alınsa da, helikopterə ciddi ziyan dəyib.

ABŞ-ın Müdafiə naziri Pit Heqset, Kolorado ştatına səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən İranla davam edən nüvə müzakirələrinə toxunub. Heqset vurğulayıb ki, Tehran rəhbərliyi gecikmədən bir razılaşmaya imza atmalıdır. O, Prezident Donald Trampın diplomatik həlli üstün tutduğunu, lakin danışıqlar uğursuz olarsa, masada hərbi müdaxilə də daxil olmaqla bütün seçimlərin olduğunu bildirib.

Hindistan hökuməti bölgədəki hərbi-siyasi vəziyyətin kəskinləşməsi və ABŞ-ın İrana qarşı hərbi əməliyyat keçirə biləcəyi barədə yayılan xəbərlərdən sonra öz vətəndaşlarına ölkəni tərk etmək barədə çağırış edib. Hindistanın Tehrandakı Səfirliyi sosial media hesabları vasitəsilə paylaşdığı rəsmi bildirişdə İrandakı Hindistan vətəndaşlarına mövcud nəqliyyat vasitələrindən, o cümlədən kommersiya uçuşlarından istifadə edərək dərhal ölkədən çıxmağı tövsiyə edib

Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiyalar paketini dəstəkləmək üçün əsas şərt irəli sürüb. Nazir sosial şəbəkədə yayımladığı müraciətdə qeyd edib ki, Macarıstan öz enerji təhlükəsizliyi maraqlarını nəzərə almadan qəbul edilən qərarları dəstəkləməyəcək. Siyarto vurğulayıb ki, “Drujba” kəməri vasitəsilə Macarıstana neft tədarükü bərpa edilməzsə, Budapeşt Avropa İttifaqının 20-ci sanksiya paketinə razılıq verməyəcək.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bu cümə axşamı xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcək. Ciddə şəhərindəki baş qərargahda baş tutacaq toplantının əsas məqsədi İsrailin işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi son tədbirlərə, o cümlədən yaşayış məskənlərinin genişləndirilməsi və aneksiya cəhdlərinə qarşı vahid mövqe nümayiş etdirməkdir.

ABŞ, İranla yaşanan gərginliyin artması fonunda Aralıq dənizindən Oman dənizinə qədər uzanan strateji xətt boyunca hərbi varlığını maksimum dərəcədə gücləndirib. Açıq mənbə kəşfiyyat məlumatlarının təhlilinə əsasən, ABŞ regiondakı döyüş gəmilərinin sayını 23-ə çatdırıb. Bu hərbi cəmləşmə Aralıq dənizi, Adən körfəzi, Oman dənizi və Bəsrə körfəzini əhatə edən nəhəng bir ərazidə dislokasiya olunub.