Əfqanıstanın Müdafiə Nazirliyi, ölkənin hərbi hava qüvvələrinin yerli vaxtla saat 11.00-da Pakistanın müxtəlif bölgələrinə cavab zərbələri endirdiyini elan edib. "Tolo News"un məlumatına görə, əməliyyatlar Pakistanın Faysalabad şəhəri yaxınlığındakı hərbi düşərgəni, Novşera şəhərindəki ordu kazarmasını, həmçinin Camrud və Abbottabad bölgələrini əhatə edib. Nazirlik bu hücumlarda Pakistanın hərbi mərkəzlərinin, obyektlərinin və strateji qurğularının birbaşa hədəf alındığını vurğulayıb.
Digər Xəbərlər
İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən "Kətaib Hizbullah" qruplaşması öz döyüşçülərinə qonşu İranda baş verə biləcək "uzunmüddətli müharibə" ssenarisinə hazırlaşmağı tapşırıb. Cümə axşamı yayılan bəyanatda ABŞ-ın bölgədə hərbi yığınağını artırması və təhdidləri "təhlükəli eskalasiya" kimi qiymətləndirilib. Qruplaşma xəbərdarlıq edib ki, müharibə başlayacağı təqdirdə ABŞ tərəfi "hədsiz böyük itkilər" verəcək. Bəyanatda həmçinin bütün döyüşçülərin "tükəndirici müharibə" ssenarisinə uyğun hazır vəziyyətə gətirilməsinin zəruriliyi vurğulanıb.
ABŞ Vitse-prezidenti Cey Di Vens "Washington Post" qəzetinə verdiyi müsahibədə bildirib ki, Prezident Donald Tramp İran məsələsində hələ son qərarını verməyib. Vens vurğulayıb ki, ABŞ keçmişdəki hərbi müdaxilə səhvlərini təkrarlamamağa çalışır, lakin bu, Vaşinqtonun lazım gələrsə hərbi gücdən istifadə etməyəcəyi anlamına gəlmir. "Orta Şərqdə illərlə sürəcək və sonu görünməyən bir müharibənin içində olacağımıza ehtimal yoxdur" deyən Vens, mümkün hərbi zərbələrin dəqiq və nəticəyönümlü olacağına işarə edib.
Venesuelanın keçid dövrü üzrə dövlət başçısı Delsi Rodrigez, paytaxt Karakasda gənc aktivistlərlə keçirilən tədbirdə çıxış edərək ABŞ-a mühüm ismarışlar göndərib. ABŞ-ı "ortaq və dost" kimi xarakterizə edən Rodrigez, ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiyaların və blokadanın dərhal dayandırılmasını tələb edib.
Pakistan və Əfqanıstan arasında "Durand xətti" olaraq qəbul edilən sərhəd boyunca qarşılıqlı hərbi zərbələr davam edir. Pakistanın İnformasiya naziri Attaullah Tarar sosial media hesabı vasitəsilə keçirilən əməliyyatlarda Əfqanıstan tərəfindən 133 nəfərin öldüyünü, 200-dən çox şəxsin yaralandığını bildirib. Tarar Kabil, Paktia və Kandaharda müəyyən edilmiş hədəflərin vurulduğunu, 27 mövqenin məhv edildiyini və 9 nöqtənin ələ keçirildiyini qeyd edib. Nazir həmçinin iki korpus və üç briqada qərargahı daxil olmaqla 80-dən çox nəqliyyat vasitəsinin sıradan çıxarıldığını iddia edib.
Ümumdünya Ərzaq Proqramının yaydığı bəyanata əsasən, Sindi Makkeyn sağlamlıq səbəbilə vəzifəsini tərk etmək qərarına gəlib. Məlumata görə, o, 2025-ci ilin oktyabr ayında yüngül insult keçirib və ötən ay işə qayıdıb. Lakin qurumun açıqlamasında bildirilib ki, vəzifənin tələbləri onun tam bərpası imkanlarını üstələyir.
İsveçrənin Cenevrə şəhərində Omanın vasitəçiliyi ilə İran və ABŞ nümayəndə heyətləri arasında keçirilən nüvə müzakirələrinin üçüncü raunduna qısa fasilə verilib. Tərəflər arasında mesaj mübadiləsi vasitəsilə həyata keçirilən dolayı görüşlərin növbəti mərhələsi bir neçə saatlıq fasilədən sonra yenidən davam edəcək.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə proqramı ətrafında yaranan mübahisələrə toxunaraq, Tehranın nüvə silahı istehsal etmək niyyətində olmadığını bir daha vurğulayıb. İran dövlət televiziyasının məlumatına görə, Mazandaran əyalətinin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxış edən Pezeşkian, ölkənin ali rəhbəri Əli Xameneinin bu mövzudakı fətvasına və açıqlamalarına diqqət çəkib. O, dini liderin sözlərinin siyasi manipulyasiya olmadığını qeyd edib.
ABŞ-ın Massaçusets dairə hakimi Brayan Mörfi (Brian Murphy), Prezident Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantları vətəndaşı olmadıqları üçüncü ölkələrə deportasiya etmək siyasətinin hüquqa zidd olduğuna qərar verib. "The Washington Post" qəzetinin məlumatına görə, hakim Mörfi administrasiyanın bu tətbiqini "qanunsuz" adlandırıb. O, qərarında qeyd edib ki, miqrantlara deportasiya qərarlarına qanuni yollarla etiraz etmələri üçün daha çox vaxt verilməlidir. Hakim, həmçinin hökumətə bu qərardan apellyasiya şikayəti vermək üçün 15 gün vaxt tanıyıb.
ABŞ-ın Dövlət katibi Marko Rubio İranın ballistik raket proqramı və regional təhlükəsizliyə təhdidləri ilə bağlı mühüm bəyanatlar verib. Karib dənizi ölkəsi olan Sent-Kits və Nevisə səfəri zamanı ABŞ mətbuatına açıqlama verən Rubio, Tehranın ballistik raketlər mövzusunda müzakirələrdən yayınmasını "böyük problem" kimi xarakterizə edib.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə müharibənin dayandırılması istiqamətində davam edən səyləri müzakirə etdiklərini bildirib. Zelenski sosial media hesabındakı paylaşımında Tramp ilə telefon danışığı apardığını qeyd edib. Telefon danışığında ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffun, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşnerin də iştirak etdiyini vurğulayan Zelenski, Vitkoff və Kuşnerin bu gün İsveçrənin Cenevrə şəhərində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov ilə görüşəcəklərini xatırladıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Darfurun Əl-Faşer şəhərində törədilən dəhşətli cinayətlərə görə Çevik Dəstək Qüvvələrinin (RSF) dörd yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib. BMT-nin keçən həftə apardığı araşdırma nəticəsində RSF-nin 18 ay davam edən mühasirə və oktyabrda Əl-Faşerin ələ keçirilməsi zamanı soyqırımı aktları törətdiyi müəyyən olunub. Sanksiya siyahısına daxil edilənlər arasında RSF komandirinin müavinləri Əbdülrəhim Hamdan Daqlo və Qedo Hamdan Əhməd, briqada generalı Əl-Fateh Abdullah İdris və səhra komandiri Tijani İbrahim yer alıb.