Digər Xəbərlər

İsraildə hava məkanının mərhələli şəkildə yenidən açılması ilə paytaxt Tel-Əvivdəki Ben Qurion beynəlxalq hava limanında uçuşların bərpa olunacağı elan edilib. "Jerusalem Post" qəzetinin məlumatına görə, ölkənin iki yerli aviaşirkəti — "Israir" və "Arkia" uçuşlara başlayacaqlarını bəyan ediblər. "Israir" şirkəti cümə axşamı günü Roma, Berlin, Afina, Batumi və Rovaniemi şəhərlərindən Ben Qurion hava limanına beş reys həyata keçirməyi planlaşdırır.

İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemlərinin fəaliyyətə keçdiyi və şəhərin müxtəlif hissələrində güclü partlayış səslərinin eşidildiyi bildirilir. İranın yarı-rəsmi "Tesnim" xəbər agentliyinin məlumatına görə, müdafiə sistemləri hava hədəflərini zərərsizləşdirmək üçün dövriyyəyə girib. Xatırladaq ki, fevralın 28-dən etibarən İsrail və ABŞ koalisiyası İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Bu hücumlar rəsmi Tehran və Vaşinqton arasında diplomatik danışıqların davam etdiyi bir vaxtda baş verib. İran tərəfi isə buna cavab olaraq Qətər, BƏƏ və Bəhreyn kimi ölkələrdə yerləşən ABŞ hərbi bazalarını hədəf alıb.

ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ və İsrail qüvvələrinin İranın Hörmüzqan əyalətində yerləşən ibtidai məktəbə endirdiyi zərbə ilə bağlı rəsmi təhqiqatın başladıldığını bildirib. Heqset mətbuata verdiyi açıqlamada Minab şəhərindəki "Şəcərətüt-Tayyibə" qızlar məktəbinin bombalanması ilə bağlı sualları cavablandırıb. "Deyə biləcəyim tək şey hadisəni araşdırdığımızdır" deyən nazir, ABŞ ordusunun mülki hədəfləri heç vaxt qəsdən hədəf almadığını müdafiə edib.

İran dövlət televiziyası İsrailə qarşı yeni bir raket hücumu dalğasının başladığını elan edib. Regional gərginliyin pik həddə çatdığı bir vaxtda baş verən bu hücum həm havadan, həm de quru əməliyyatları ilə müşayiət olunur. Yerli medianın yaydığı məlumata görə, Livandakı "Hizbullah" qruplaşması İranın raket zərbələri ilə eyni vaxtda İsrail ərazilərinə pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücuma keçib. Bu koordinasiyalı hücum İsrailin hava hücumundan müdafiə sistemlərini geniş bir cəbhədə sınağa çəkir.

Şri-Lankanın Qalle şəhəri açıqlarında İran hərbi dəniz qüvvələrinə məxsus gəmi "sos" siqnalı göndərdikdən sonra batıb. İran hərbi donanmasına aid IRIS Dena gəmisi qəzaya uğrayıb və Şri-Lanka rəsmiləri dərhal genişmiqyaslı xilasetmə əməliyyatına başlayıb. Şri-Lanka rəsmiləri gəminin təcili yardım çağırışı etdikdən qısa müddət sonra batdığını təsdiqləyiblər. İlkin ehtimallara görə, hərbi gəmi xarici sualtı qayıq tərəfindən hücuma məruz qalıb. Beynəlxalq mediada gəminin ABŞ və ya İsrail qüvvələri tərəfindən hədəf alınma ehtimalı geniş müzakirə olunur.

İran mediası çərşənbə akşamı məlumat yayıb ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı hərbi hücum zamanı iqamətgahına endirilən hava zərbələri nəticəsində həlak olan ali rəhbər Əli Xamenei ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində dəfn ediləcək.

Çin hakimiyyəti beynəlxalq münasibətlərdə heç bir ölkənin təkbaşına hakimlik etmək və dünyaya öz istəklərini qəbul etdirmək hüququnun olmadığı barədə kəskin mesaj verib. Bu bəyanat ABŞ-ın İsrail ilə birlikdə İrana hücumları, Venesuelaya hərbi müdaxiləsi və Qrenlandiyanı ilhaq etmə tələbi kimi addımlarla qlobal siyasəti yenidən formalaşdırmağa çalışdığı bir dövrdə səslənib.

Açıq mənbələrdən toplanan məlumatlara görə, 28 fevraldan başlayan ABŞ-İsrail koalisiyasının İrana hücumları fonunda Tehranın cavab zərbələri ABŞ-ın regiondakı hərbi aktivlərinə 1,902 milyard dollar dəyərində ziyan vurub. İtki siyahısında strateji radar sistemləri, qırıcı təyyarələr və rabitə terminalları yer alır. Maliyyə itkisinin ən böyük hissəsi Qətərdəki "Əl-Udeid" hava bazasında yerləşən AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin vurulması ilə bağlıdır. Təxminən 1,1 milyard dollar dəyəri olan bu strateji obyekt İranın raket hücumu nəticəsində sıradan çıxarılıb.

İsrailin müdafiə naziri İsrail Katz bu gün, çərşənbə günü, Tehran mülkiyyətinə ABŞ və İsrail hücumları nəticəsində öldürülən ali rəhbər Əli Xameneinin yerinə seçiləcək hər hansı bir İran liderini sui-qəsdlə hədələyib. Katz "X" sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran rejimi liderlərinin hədəf alınması "Şirin nəriltisi" (Lion's Roar) əməliyyatının məqsədlərinin bir hissəsidir. O, ordunun sui-qəsd əməliyyatlarını həyata keçirmək üçün bütün vasitələrlə hazırlaşması və fəaliyyət göstərməsi barədə göstəriş verildiyini qeyd edib.

ABŞ və İsrailin hava hücumları nəticəsində həlak olan İranın ali rəhbəri Ayetullah Əli Xameneyi üçün paytaxt Tehranda üç gün davam edəcək dəfn mərasimi təşkil olunacaq. İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, İslami Təbliğat Şurasının rəhbəri Möhsün Mahmudi mərasimin detalları barədə məlumat verib. Mahmudi bildirib ki, ölkə rəhbəri ilə vida mərasimi bu gecə Tehrandakı İmam Xomeyni məscidində başlayacaq. Rəsmi şəxsin sözlərinə görə, xalqın ali rəhbərlə vidalaşması üçün nəzərdə tutulan tədbirlər ardıcıl olaraq üç gün ərzində davam edəcək.

ABŞ Prezidenti Donald Tramp "Politico" nəşrinə verdiyi müsahibədə fevralın 28-dən bəri davam edən İran-İsrail-ABŞ münaqişəsi ilə bağlı mühüm açıqlamalar verib. Trampın sözlərinə görə, İranın silah və raket potensialı ciddi şəkildə zəifləyib və hərbi resursları tükənməkdədir. Tramp bildirib ki, münaqişə bir neçə günə başa çata bilər və ya 4-5 həftə davam edə bilər. O, ABŞ-ın mühimmat ehtiyatlarının "sınırsız" olduğunu və müdafiə sənayesi şirkətlərinin fövqəladə vəziyyət rejimində istehsalı artırdığını vurğulayıb. "İranın raket buraxılış qurğuları bitmək üzrədir, bizim isə istehsal gücümüz bərpa olunur" – deyə Tramp əlavə edib.

Əfqanıstanın rəsmi nümayəndəsi Həmdullah Fitrət Pakistanın hava və quru hücumları nəticəsində yaranan ağır fəsadları açıqlayıb. Onun sözlərinə görə, hücumlar nəticəsində 110 nəfər həlak olub, 123 nəfər yaralanıb. Paktiya, Paktika, Xost, Kabil, Nanqarhar, Kunar və Qəndəhar bölgələrində 350 ev tamamilə və ya qismən dağılıb, 8 min 400 ailə isə evlərini tərk etmək məcburiyyətində qalıb.