BAKI, VOA, Fərid Mikayılov
ABŞ-ın İranın Xark adasına endirdiyi zərbənin səbəbləri regionda geniş müzakirə olunur.
VOA xəbər verir ki, 14 mart 2026-cı ildə həyata keçirilən hücum İranın SEPAH qüvvələrinin Hörmüz boğazında yaratdığı blokadaya cavab olaraq baş verib.
Məlumata görə, zərbələr əsasən dəniz minalarının saxlanıldığı anbarlara və blokada üçün istifadə olunan hərbi infrastruktura yönəldilib.
ABŞ tərəfi hücum zamanı İranın əsas neft obyektlərini hədəfə almayıb. Bununla belə, Xark adasının ölkənin əsas neft ixrac terminalı olması səbəbindən bu əməliyyat Tehrana strateji xəbərdarlıq kimi qiymətləndirilir.
Qeyd edək ki, Xark adası İranın ən böyük neft yükləmə mərkəzidir və gündə təxminən 7 milyon barel neft ixrac etmək imkanına malikdir. Ada eyni zamanda iri tanker gəmilərinin yanaşması üçün əlverişli dərin sulara sahibdir.
Hörmüz boğazı isə qlobal enerji bazarı üçün kritik əhəmiyyət daşıyır. Dünyada neft və mayeləşdirilmiş qaz daşımalarının təxminən 20 faizi bu marşrut vasitəsilə həyata keçirilir.
Analitiklər bildirir ki, bölgədə gərginliyin artması enerji qiymətlərində ciddi sıçrayışlara səbəb ola bilər. Ekspertlərə görə, ABŞ-ın bu addımı həm blokadanın zəiflədilməsi, həm də İranın hərbi və enerji infrastrukturuna dolayı təzyiq göstərilməsi məqsədi daşıyır.