Digər Dövlətlər

Kanada dolları ABŞ dollarına qarşı 0,1 faiz bahalaşıb. Kanada ABŞ-nin gömrük rüsumlarına cavab tədbirləri elan edib. Təxminən 20 milyard dollar dəyərində ABŞ mallarına əlavə gömrük rüsumları tətbiq olunacaq. Ticarət qarşıdurmasının Kanada iqtisadiyyatına mənfi təsir göstərəcəyi gözlənilir. Bununla yanaşı, qiymət artımı təzyiqləri Kanada Mərkəzi Bankının qərarlarını çətinləşdirə bilər. Bazarlar ilin sonunadək faiz artımı ehtimalını təxminən 40 faiz qiymətləndirir. Kanada dolları ayın əvvəlindən 1,3 faiz möhkəmlənib. Ölkənin onillik dövlət istiqrazlarının gəlirliliyi isə 3,646 faizə enib.

Çin ABŞ-nin İrana qarşı birtərəfli iqtisadi məhdudiyyətlərini qanuni hesab etmir. Bu barədə Suçjou Universitetinin professoru Viktor Qao açıqlama verib. O, Çin–İran münasibətlərinin beynəlxalq hüquqa əsaslandığını bildirib. Qao hər iki ölkənin suveren dövlət olduğunu vurğulayıb. Onun sözlərinə görə, Çin ABŞ-nin təzyiqlərinə heç vaxt boyun əyməyib. Çinli professor Vaşinqtonun siyasətini təzyiq və məcburetmə kimi qiymətləndirib. Pekinin öz suveren hüquqlarından istifadə etməyə davam edəcəyini bildirib. Çin ABŞ-nin təzyiqlərinə qarşı zəruri hesab etdiyi addımları atacağını bəyan edib.

İran Prezidenti Məsud Pezeşkian müharibənin başa çatdırılmasını hökumətinin əsas məqsədi adlandırıb. O, ölkə daxilində birliyin qorunmasının da mühüm olduğunu bildirib. Pezeşkian ABŞ ilə İran arasında əldə edilmiş İslamabad anlaşmasına toxunub. Prezident anlaşmanın təslimçilik nəticəsində qəbul edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, qərar məntiq və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında verilib. Pezeşkian İranın rəqiblərinin ölkəni hərbi yolla məğlub edə bilmədiyini iddia edib. O bildirib ki, bundan sonra əsas təzyiq iqtisadi və ictimai sahələrə yönəlib. İran Prezidenti daxili birliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıb.

İranın ali rəhbəri Müctəba Xameneinin hərbi rəhbərlərlə görüşdə ilk dəfə açıq şəkildə görüntüləndiyini iddia edən video sosial şəbəkələrdə geniş yayılıb. Araşdırma isə videonun yeni olmadığını, təxminən 4 il əvvəl çəkildiyini və hərbi toplantı ilə əlaqəsinin olmadığını göstərib.

ABŞ Ali Məhkəməsi Donald Trampın poçtla səsvermə ilə bağlı sərəncamının qarşısını alan məhkəmə qərarını ləğv edib. Sərəncam poçtla səsvermə qaydalarının sərtləşdirilməsini nəzərdə tutur. Kaliforniya və daha 22 ştat bu qərara qarşı məhkəməyə müraciət edib. Ştatlar sərəncamın seçicilərin səsvermə imkanlarını məhdudlaşdıra biləcəyini bildirirlər. Federal hakim daha əvvəl sərəncamın qüvvəyə minməsini dayandırmışdı. Ali Məhkəmənin altı hakimi isə həmin qərarın ləğvinə səs verib. Bununla belə, Poçt Xidmətinə qarşı ayrıca məhkəmə qərarı qüvvədə qalır. Buna görə də poçtla səsvermə qaydaları ətrafında hüquqi mübarizənin davam edəcəyi gözlənilir.

İran mənbəsi Asim Munirin Tehrana ABŞ-dən təhdid xarakterli mesaj gətirmədiyini bildirib. Mənbə bununla bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatları təkzib edib. Tehran görüşlərində İranın mövqeyi Pakistan nümayəndə heyətinə çatdırılıb. İran İslamabad anlaşma sənədinin şərtlərinə qayıdılmasını istəyir. Xüsusilə sənədin beşinci maddəsinə diqqət çəkilib. Bu maddə Hörmüz boğazında sərbəst gəmiçilik və dəniz minalarının təmizlənməsi məsələlərini əhatə edir. Ticarət gəmilərinin boğazdan hərəkətinin idarə olunması da müzakirə olunan məsələlər sırasındadır. Pakistan tərəfinin İranın irəli sürdüyü şərtləri ABŞ-yə çatdırmağa çalışdığı bildirilir.

İran Hörmüz boğazı üzərində tam suveren nəzarətə malik olduğunu bildirib. Bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif açıqlama verib. O, boğaza nəzarəti İranın qanuni və suveren hüququ kimi qiymətləndirib. Arif Hörmüz boğazının İrana məxsus olduğunu bildirib. İran rəsmisi ölkəsinin mümkün təhdidlərə qarşı hazır olduğunu vurğulayıb. Onun sözlərinə görə, İrana qarşı istənilən təhlükəli addıma cavab veriləcək. Tehran Hörmüz boğazını milli təhlükəsizlik baxımından mühüm hesab edir. Açıqlama boğazda gəmiçilik və nəzarət məsələləri ətrafında gərginliyin davam etdiyi vaxtda verilib.

ABŞ-nin İrana qarşı yeni iqtisadi məhdudiyyətlər elan etməsindən sonra Tehranda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Sakinlər yeni tədbirlərin qiymətlərə və gündəlik həyata təsirindən narahatdırlar. Vaşinqton İranın dünya üzrə iqtisadi əlaqələrini məhdudlaşdırmağı qarşıya məqsəd qoyduğunu bildirib. Yeni tədbirlər texnologiya, qızıl, hava və dəniz daşımaları da daxil olmaqla bir sıra sahələri əhatə edir. Daha 60 şəxs, şirkət və gəmi məhdudiyyətlər siyahısına salınıb. İran hökuməti iqtisadi təzyiqlərə qarşı hazırlıqlı olduğunu bildirir. Çin ABŞ-nin qərarına etiraz edib. İranlı iqtisadçılar isə yüksək inflyasiya və daxili iqtisadi problemlərin vəziyyəti daha da ağırlaşdıra biləcəyini bildirirlər.

BMT-nin Uşaq Fondu (UNICEF) Əfqanıstanda təxminən 1 milyon uşağın ağır kəskin qidalanma çatışmazlığı səbəbindən ölüm təhlükəsi ilə üz-üzə olduğunu açıqlayıb. UNICEF-in Əfqanıstan nümayəndəsi Tacəddin Əyvali bildirib ki, ölkədə 3,7 milyon uşaq kəskin qidalanma çatışmazlığından əziyyət çəkir. Onlardan 1 milyonu həyat üçün təhlükəli ağır vəziyyətdədir.

Donald Tramp Hörmüz boğazının beynəlxalq sularındakı bütün dəniz minalarının təmizləndiyini və ya məhv edildiyini bildirib. ABŞ Prezidenti bu barədə Hərbi Dəniz Qüvvələrinin ona məlumat verdiyini deyib. Tramp İrana yeni minaların yerləşdirilməməsi barədə xəbərdarlıq edildiyini açıqlayıb. Onun sözlərinə görə, yeni mina yerləşdirən istənilən gəmi və ya qayıq məhv ediləcək. ABŞ Prezidenti minaların yerləşdirilməsinə qarşı “sıfır dözümlülük” siyasətinin qüvvədə olduğunu bildirib. Tramp mümkün hərbi tədbirlərin təfərrüatlarını açıqlamayıb. Hörmüz boğazı beynəlxalq enerji və dəniz daşımaları baxımından strateji əhəmiyyət daşıyır. Açıqlama boğazda təhlükəsiz gəmiçiliyin bərpası istiqamətində diplomatik səylərin davam etdiyi bir vaxtda verilib.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing C-17A Globemaster III” tipli yük təyyarəsi avqustun 25-də Rusiyanın paytaxtı Moskvadakı Vnukovo hava limanına enib. “Flightradar24” məlumatına görə, 07-7181 qeydiyyat nömrəli təyyarə səhər saat 08:50-də Latviyanın Riqa hava limanından havaya qalxıb və təxminən 10:04-də Vnukovo yaxınlığında siqnalı itib. Təyyarənin Riqaya isə avqustun 24-də ABŞ-ın Merilend ştatındakı Endryus birgə bazasından gəldiyi bildirilib.

ABŞ Suriyanı 47 ildən sonra terroru dəstəkləyən ölkələr siyahısından çıxarıb. Bununla da Vaşinqtonun bu siyahısında İran, Şimali Koreya və Kuba olmaqla üç ölkə qalıb. Siyahının ən uzunmüddətli üzvü İrandır. Vaşinqton Tehranın regional silahlı qruplara dəstəyini əsas gətirərək İranı 19 yanvar 1984-cü ildə siyahıya daxil edib.