ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yaponiyalı sədri Tomoko Akane və baş prokuror müavini Abdullah Se-yə qarşı sanksiya tətbiq edib. Yaponiya Vaşinqtonun qərarını “çox təəssüf doğuran” addım kimi qiymətləndirib. Tokio BCM-ni beynəlxalq hüququn aliliyinin qorunmasında dəstəklədiyini bildirib. ABŞ-ın sanksiyaları Akane və Se-nin ölkə daxilindəki vəsaitlərinin və maliyyə maraqlarının dondurulmasını, həmçinin ABŞ maliyyə sistemi üzərindən onlarla maliyyə və kommersiya əməliyyatlarının qadağan edilməsini nəzərdə tutur.
Digər Dövlətlər
Fransada ölümə yardım imkanını müəyyən şərtlərlə qanuniləşdirən yeni qanun qüvvəyə minib.Qanuna əsasən, bu hüquqdan yalnız müəyyən şərtlərə cavab verən şəxslər yararlana biləcək. Xəstə yetkin olmalı, Fransa vətəndaşı və ya ölkədə daimi və qanuni yaşayış statusuna malik olmalı, ağır və sağalmaz xəstəliyin terminal və ya irəliləmiş mərhələsində olmalı, dözülməz fiziki ağrılar keçirməlidir. Həmçinin şəxsin son ana qədər məlumatlandırılmış qərar vermək qabiliyyətinə malik olması tələb olunur.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran və Bağdad iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni və mühüm addımlar atacaq. Qalibaf İraqa üçgünlük səfəri çərçivəsində Bağdada gəlib. O, İraqı region üçün mühüm ölkə adlandıraraq İran-İraq münasibətlərinin bölgədə baş verən proseslər baxımından əsas və strateji əhəmiyyət daşıdığını vurğulayıb.
İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını beynəlxalq hüquq normalarına və 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə "persona non grata" (arzuolunmaz şəxs) elan edib və onların ölkəyə girişinə qadağa qoyub.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi Körfəz ölkələrinə xəbərdarlıq edərək, Birləşmiş Ştatlar ordusuna hər hansı köməklik göstərməməyə çağırıb. O, regionda baş verən bütün hərbi hərəkətliliyin Tehranın nəzarəti altında olduğunu vurğulayaraq, "gözümüzdən heç nə yayınmır" ifadəsini işlədib.
ABŞ Ədliyyə Nazirliyi İranla əlaqəli olduğu iddia edilən haker şəbəkəsinin 17 üzvünə qarşı yenilənmiş ittihamnamə açıqlayıb və onların beşinin yerinin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat vəd edib. Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər İranda fəaliyyət göstərən “Mabna İnstitutu” ilə əməkdaşlıq edib və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə digər dövlət və universitet qurumlarının adından kiberhücumlar həyata keçiriblər.
ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inlə bu ilin payızında, mümkün qədər tez bir zamanda görüşmək üçün köməkçilərinə təlimat verdiyi bildirilir. “Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp Asiyaya planlaşdırılan səfəri çərçivəsində Kimlə birbaşa danışıqlar keçirməyi müzakirə edib. Görüşün noyabr ayında Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Forumu sammiti zamanı baş tutması ehtimal olunur.
ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisinə qatılacağı ilə bağlı açıqlaması Vaşinqton tərəfindən sonradan “zarafat” kimi təqdim edilib. ABŞ rəsmisinin bu açıqlamanı düzəltməsi isə onsuz da gərgin olan Yaxın Şərqdə siyasi ritorikanın nə qədər təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Dünyanın ən güclü hərbi qüvvəsinə malik ölkəsinin prezidentinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı ilə bağlı belə açıqlama verməsi beynəlxalq ictimaiyyətdə ciddi suallar yaradıb. Xüsusilə də ABŞ rəhbərinin əvvəlki sərt bəyanatları fonunda hansı açıqlamanın real təhdid, hansının isə siyasi ritorika və ya zarafat olduğunu müəyyənləşdirmək çətinləşir.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf çərşənbə günü üçgünlük rəsmi səfərlə İraqa gedəcək. Səfər çərçivəsində onun Bağdad, Kərbəla və Nəcəfdə olması gözlənilir. Bağdadda İran və İraq nümayəndə heyətlərinin parlamentlərarası görüşü keçiriləcək. Qalibafın İraq parlamentinin rəhbərliyi ilə ayrıca danışıqlar aparması da nəzərdə tutulur. İran rəsmisinin İraq prezidenti və baş naziri ilə görüşəcəyi gözlənilir. Daha sonra o, Kərbəlada ayətullah Əli Xameneinin xatirəsinə keçiriləcək mərasimlərdə iştirak edəcək. Qalibaf səfərinin sonuncu günü Nəcəfə gedəcək. Səfərin Tehranla Bağdad arasında siyasi və parlamentlərarası əlaqələrin müzakirəsi baxımından əhəmiyyətli olacağı gözlənilir.
ABŞ-nin “Abraham Linkoln” təyyarədaşıyan gəmisi Beşinci Donanmanın məsuliyyət bölgəsində 54-cü dəniz təchizatı əməliyyatını başa çatdırıb. Gəmi doqquz təchizat gəmisi ilə ümumilikdə 140 saat birgə fəaliyyət göstərib. Bu müddətdə ona 75,7 milyon litrdən çox yanacaq çatdırılıb. Bundan başqa, 10 min 261 yük altlığı həcmində ərzaq, ehtiyat hissələri və müxtəlif materiallar gəmiyə verilib. “Abraham Linkoln” təxminən doqquz aydır hərbi xidmətdədir və İrana qarşı əməliyyatlarda iştirak edib. Uzunmüddətli xidmət gəmidə təchizat və yaşayış şəraiti ilə bağlı problemlər barədə xəbərlərin yayılmasına səbəb olub. ABŞ-də bəzi qanunvericilər gəmidəki şəraitlə bağlı Hərbi Dəniz Qüvvələrindən izahat tələb ediblər. Təyyarədaşıyan gəminin yaxın zamanda ABŞ-yə qayıtması gözlənilir.
Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana təzyiqi artırmaq siyasətini sərt tənqid edib. İran parlamentinin sədri Vaşinqtonun bu yolla əlavə güzəştlər əldə edə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, ABŞ-nin istədiyi bəzi güzəştlər əvvəlki razılaşmada nəzərdə tutulmayıb. Qalibaf ABŞ-nin maliyyə naziri Skott Bessent və müdafiə naziri Pit Heqseti də tənqid edib. İran rəsmisi onların mövcud vəziyyətin öhdəsindən gəlmək imkanlarını şübhə altına alıb. O, ABŞ rəhbərliyini yaratdığı vəziyyəti özü həll etməyə çağırıb. Açıqlama Vaşinqtonun Tehrana iqtisadi və hərbi təzyiq göstərməyə davam etdiyi bir dövrdə verilib. İran tərəfi təzyiqin Tehranı yeni güzəştlərə məcbur etməyəcəyini bildirir.
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların hələlik təxirə salınmasını istəyib. ABŞ rəsmisinin sözlərinə görə, Tramp Tehranın razılaşmaya hazır olmasını gözləyir. Rəsmi Vaşinqtonla Tehran arasında təmasların müsbət istiqamətdə getdiyini bildirib. Buna baxmayaraq, ABŞ prezidenti hazırda gözləmə mövqeyi tutmağa qərar verib. Vaşinqton rəhbərliyi bu vəziyyətin ABŞ-nin İranla danışıqlara dair mövqeyində ziddiyyət yaratmadığını bildirir. Tramp bundan əvvəl İranla hazırda heç bir danışığın aparılmadığını və görüş planlaşdırılmadığını açıqlamışdı. ABŞ ilə İran arasında iyunda əldə edilmiş müvəqqəti razılaşmanın müddəti də artıq başa çatıb. İndi danışıqların yenidən başlanmasının Tehranın razılaşmaya hazır olub-olmamasından asılı olduğu bildirilir.