BAKI,VOA Orxan Qədirzadə
ABŞ Ədliyyə Nazirliyi İranla əlaqəli olduğu iddia edilən haker şəbəkəsinin 17 üzvünə qarşı yenilənmiş ittihamnamə açıqlayıb və onların beşinin yerinin müəyyənləşdirilməsinə kömək edəcək məlumat üçün 10 milyon dollar mükafat vəd edib.
Nazirliyin məlumatına görə, təqsirləndirilən şəxslər İranda fəaliyyət göstərən “Mabna İnstitutu” ilə əməkdaşlıq edib və İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə digər dövlət və universitet qurumlarının adından kiberhücumlar həyata keçiriblər.
Əsasən 2013-2017-ci illərdə həyata keçirilən hücumların məqsədinin elmi məlumatların və intellektual mülkiyyətin oğurlanması olduğu bildirilib. Kampaniyanın 144 ABŞ, 178 xarici universitetə, ən azı 42 ABŞ və 11 xarici şirkətə, eləcə də ABŞ-ın beş dövlət qurumuna yönəldiyi açıqlanıb.
Hakerlərin 100 mindən çox universitet müəlliminin hesabını hədəf aldığı, təxminən 31,5 terabayt həcmində məlumat oğurladığı ehtimal olunur. Oğurlanan məlumatlar arasında elmi məqalələr, dissertasiyalar və digər tədqiqat materiallarının olduğu qeyd edilib.
ABŞ rəsmiləri bildiriblər ki, 2018-ci ildə irəli sürülən ittihamların yenilənməsi Vaşinqtonun xaricdən ABŞ-a qarşı kiberhücumlar təşkil edən şəxsləri təqib etməkdə israrlı olduğunu göstərir.