BAKI,VOA Orxan Qədirzadə
Danimarkanın Baş naziri Mette Frederiksen qlobal təhlükəsizlik mühitində artan risklər fonunda Avropanın müdafiə imkanlarının gücləndirilməsinə və NATO-nun daha da möhkəmləndirilməsinə çağırış edib.
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısından əvvəl jurnalistlərə açıqlama verən Frederiksen bildirib ki, NATO tarixdə yaradılmış ən güclü hərbi alyansdır və bu status qorunub saxlanmalıdır.
Onun sözlərinə görə, dünyanın təhlükəsizlik baxımından getdikcə daha təhlükəli məkana çevrildiyi bir vaxtda həm Avropa miqyasında, həm də ABŞ ilə transatlantik əməkdaşlıq çərçivəsində güclü müdafiə sənayesi bazasının formalaşdırılması vacibdir.
Danimarka hökumətinin başçısı Ukraynaya dəstəyin artırılmasının da zəruri olduğunu vurğulayıb. O bildirib ki, Kiyevə daha çox yardım göstərilməli, Rusiyaya təzyiq gücləndirilməli və müharibənin yeganə ədalətli qalibinin Ukrayna olması üçün beynəlxalq birlik həmrəyliyini qorumalıdır.
Frederiksen ABŞ-ın Qrenlandiya ilə bağlı mövqeyinə də toxunaraq adanın satış mövzusu olmadığını bildirib. O qeyd edib ki, Qrenlandiyanın gələcəyi yalnız onun xalqı tərəfindən müəyyən edilə bilər və bütün müttəfiqlər Danimarkanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidirlər.
Baş nazir əlavə edib ki, Danimarka NATO-nun hər qarış ərazisini, o cümlədən öz torpaqlarını müdafiə etməyə hazırdır.
Frederiksen həmçinin NATO-nun kollektiv müdafiə prinsipini nəzərdə tutan Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə tam sadiq olduqlarını vurğulayıb. O bildirib ki, bu prinsip həm NATO-nun şərq cinahının, həm ABŞ-ın, həm də Danimarka Krallığının təhlükəsizliyi üçün əsas təminatdır.
Eyni zamanda, İslandiyanın Baş naziri Kristrun Frostadouttir də Qrenlandiyanın yalnız onun xalqına məxsus olduğunu bəyan edib. O bildirib ki, Qrenlandiya əhalisi ABŞ-ın tərkibinə daxil olmaq istəmir və bu mövqeyini açıq şəkildə ifadə edir.
İslandiya hökumətinin başçısı son bir ildə NATO-nun daha da gücləndiyini qeyd edərək, alyansa yeni üzvlərin qoşulduğunu və müdafiə xərclərinin artırıldığını bildirib. Onun sözlərinə görə, əsas diqqət Qrenlandiya ilə bağlı müzakirələrə deyil, Rusiyadan qaynaqlanan təhlükələrə yönəldilməlidir.