BAKI,VOA, Fərid Mikayılov
Çinin Hunan vilayətində yerləşən fişəng zavodunda baş verən partlayış nəticəsində 26 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.
VOA xəbər verir ki, hadisə Liuyang şəhərində fəaliyyət göstərən “Huasheng Fireworks” müəssisəsində baş verib.
Partlayışdan sonra ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülərək zavoddan 3 kilometr radiusda yaşayan sakinlər təxliyə olunub.
Xilasetmə əməliyyatlarına 1500-dən çox əməkdaş cəlb olunub, dağıntılar altında qalanların axtarışı üçün robot texnologiyalarından istifadə edilib.
Rəsmi məlumatlara əsasən, zavod ərazisində yerləşən iki barıt anbarı əlavə risk yaratdığından ərazi nəzarət altına alınıb və ikinci partlayışların qarşısını almaq üçün xüsusi tədbirlər görülüb.
Partlayışın təsiri nəticəsində yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb, tikililərə ciddi ziyan dəyib. Yaralanan şəxslər arasında müxtəlif dərəcəli xəsarətlər alanlar, o cümlədən sümük zədələri qeydə alınıb.