BAKI,VOA, Fərid Mikayılov
İsrailin Ali Məhkəməsi milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin vəzifədən uzaqlaşdırılması ilə bağlı təqdim olunmuş müraciətləri nəzərdən keçirir.
VOA xəbər verir ki, dörd müraciət ölkənin baş prokuroru Qali Baharav-Miaranın dəstəyi ilə təqdim edilib və nazirin polis fəaliyyətinə müdaxilə edərək onun müstəqilliyini zəiflətməsi iddia olunur.
Qeyd olunub ki, baş prokuror daha əvvəl Baş nazir Benyamin Netanyahuya müraciət edərək, Ben-Qvirin niyə vəzifədən azad edilmədiyinə dair izahat tələb edib.
Bildirilib ki, Ben-Qvir ittihamları rədd edərək məhkəmə prosesini tənqid edib və bunu demokratiyaya müdaxilə kimi qiymətləndirib.
Məlumata görə, hökumətin digər üzvləri də məhkəmə baxışını tənqid edərək qərarın hüquqi qüvvəsinin olmadığını iddia ediblər.
Qeyd edilib ki, Baş nazir Netanyahu məhkəməyə təqdim etdiyi geniş izahatda bu tələbin konstitusiyaya zidd olduğunu və məhkəmənin hökumət qərarlarına müdaxilə səlahiyyətinin olmadığını bildirib.