BAKI,VOA,Yusif Şərifzadə
İsrailli məskunlaşanların işğal altındakı İordan çayının qərb sahilində, Nablusun şimal-qərbində yerləşən Bəzaəriyyə kəndində məscidi yandırmağa cəhd etdiyi bildirilir.
VOA xəbər verir ki, Fələstinin “WAFA” xəbər agentliyinin məlumatına görə, məskunlaşanlar məscidin qapılarını sındıra bilmədikdən sonra onun yaxınlığındakı otağı yandırıb və divarlara irqçi şüarlar yazıblar.
Məlumata görə, İsrail hərbçiləri Cəninin qərbində yerləşən Rummanə kəndinə səhər saatlarında basqın edərək 5 fələstinlini həbs edib.
Həmçinin Tulkərmin şərqindəki Ənəb hərbi keçid məntəqəsindən keçən fələstinli kişinin İsrail əsgərləri tərəfindən saxlanıldığı bildirilib.
Fələstinin “WAFA” agentliyi İsrailli məskunlaşanların Beytləhmin qərbində yerləşən Nəhhalin kəndində avtomobili yandırdığını və irqçi şüarlar səsləndirdiyini də xəbər verib.
Bundan başqa, İsrail hərbçilərinin Tubasın cənubundakı Təmmun kəndindən bir fələstinlini saxladığı, Xəlil bölgəsində isə daha 3 fələstinlinin həbs edildiyi bildirilib.
Hadisələr işğal altındakı İordan çayının qərb sahilində fələstinlilərə qarşı hücumların və həbslərin davam etdiyi bir vaxtda baş verib.