Bakı, AzerVoice
Fransanın Marsel şəhərində yerləşən Rusiya Baş Konsulluğundakı partlayış ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan iki şübhəli cümə axşamı məhkəmə qarşısına çıxacaq.
AzerVoice xəbər verir ki, bu barədə Fransa Baş Prokurorluğu açıqlama verib.
Açıqlamada qeyd olunub ki, hər iki şübhəli hadisəni etiraf edib və bu hərəkəti Rusiya-Ukrayna münaqişəsi çərçivəsində etdiklərini bildirib.
Açıqlamada, hər iki şəxsin Fransız vətəndaşı olduğu bildirilib. Onlar "başqalarının əmlakına ziyan vurmaq", "insanlara təhlükə yaradan vasitələrlə əmlakı məhv etmək", "partlayıcı və yandırıcı maddələr istehsalını icazəsiz həyata keçirmək" ittihamları ilə mühakimə olunacaqlar.
Fransa Milli Elmi Tədqiqat Mərkəzində (CNRS) çalışan mühəndis və kimyaçı olan tədqiqatçılar istintaqa bildiriblər ki, konsulluğun həyətinə atdıqları plastik butulkalar qarışıq azot və kimyəvi maddələrdən ibarət olub.
Polis məlumat verib ki, konsulluğun həyətinə üç ədəd 50 santilitrlik qazlı su butulkası atılıb, onlardan ikisi partlayıb və güclü səs yaradıb. Hadisə zamanı nə zərərçəkən, nə də ciddi maddi ziyan qeydə alınıb.
Moskva, hücumun Rusiya-Ukrayna müharibəsinin başlanmasının üçüncü ildönümündə baş verdiyini vurğulayaraq, bu hərəkəti dərhal terror aktını xatırladan bir əməl kimi qiymətləndirib.