#Marsel

Dünya Xəbər Nəşriyyatçıları Assosiasiyası 2026-cı ilin “Qızıl Qələm Azadlıq Mükafatı”nı Qəzzada fəaliyyət göstərən jurnalistlərə təqdim edəcəyini açıqlayıb. Təşkilat bildirib ki, media nümayəndələri son iki ildən artıq müddətdə son dərəcə ağır şəraitdə hadisələri sənədləşdirməyə və dünya ictimaiyyətinə çatdırmağa davam ediblər. Mükafat həm fəaliyyətini davam etdirən jurnalistlərin peşəkar fəaliyyətinə verilən qiymət, həm də münaqişə zamanı həyatını itirən və yaralanan media əməkdaşlarının xatirəsinə ehtiram kimi təqdim olunur. Mərasimin Fransanın Marsel şəhərində keçirilməsi planlaşdırılır.

2025-ci il Fransa Superkuboku oyunu Paris Sen-Jermen (PSG) ilə Marsel komandaları arasında baş tutacaq. Görüşün 2026-cı il yanvarın 8-də Küveytin paytaxtında yerləşən 58 min tamaşaçı tutumuna malik Caber Əl-Əhməd Beynəlxalq Stadionunda keçirilməsi qərara alınıb. Keçən mövsüm final oyunu Qətərin Doha şəhərində təşkil olunmuşdu. Beləliklə, Fransa Superkuboku ardıcıl ikinci dəfə Asiyada baş tutacaq. Ənənəyə uyğun olaraq, Superkubokda Liqa 1 çempionu ilə Fransa Kubokunun qalibi qarşılaşır. 2024–2025 mövsümündə hər iki kuboku qazanan PSG, finalda Liqa 1-in ikincisi Marsel ilə üz-üzə gələcək.

Fransanın Marsel şəhərinin mərkəzində baş verən bıçaqlı hücum nəticəsində azı beş nəfər xəsarət alıb. Məlumata görə, hücumçu Tunis vətəndaşı olub və Fransada qanuni əsaslarla yaşayıb. O, kirayə haqqını ödəmədiyi üçün Belzans rayonundakı oteldən çıxarılıb. Lakin az sonra geri qayıdaraq ikinci mərtəbədə yerləşən keçmiş qonşusunu bıçaqlayıb. Daha sonra birinci mərtəbəyə enərək otelin menecerinə bir neçə zərbə vurub, küçədə isə menecerin oğlunu təqib edərək kürəyindən yaralayıb.