BAKI,VOA,Yusif Şərifzadə
HƏMAS vasitəçilərdən İsraili Qəzza zolağında tam atəşkəsə əməl etməyə məcbur etmələrini istəyib.
VOA xəbər verir ki, Fələstin hərəkatındakı mənbənin Əl-Cəzirə telekanalına verdiyi məlumata görə, HƏMAS "Sülh Şurası" razılaşması ilə bağlı vasitəçilərlə əlaqə saxlayaraq İsrailin Qəzzada son hərbi əməliyyatları ilə bağlı onların aydın mövqe ortaya qoymasını tələb edib.
Mənbə bildirib ki, HƏMAS vasitəçilərdən İsrailin tam atəşkəs rejimini həyata keçirməsini təmin etmək üçün birbaşa müdaxilə etmələrini istəyib.
Onun sözlərinə görə, hərəkat vasitəçilərə İsrailin hərbi əməliyyatları davam etdirdiyi şəraitdə razılaşmanın icrasının və razılaşdırılmış vaxt cədvəli üzrə danışıqların irəliləməsinin mümkün olmadığını çatdırıb.
HƏMAS hesab edir ki, hücumların davam etməsi razılaşmanın həyata keçirilməsinə mane olur və danışıqlar prosesini çətinləşdirir.
Bu məlumat HƏMAS-dakı mənbənin açıqlamasına əsaslanır və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.