BAKI,VOA, Orxan Qədirzadə
BMT, Dünya Bankı və Avropa İttifaqının birgə hesabatı Qəzzadakı dağıntının miqyasını ortaya qoyub.
VOA xəbər verir ki, açıqlanan son qiymətləndirməyə əsasən, bölgənin yenidən qurulması üçün təxminən 71 milyard dollardan artıq vəsaitə ehtiyac var.
Hesabatda qeyd olunur ki, Qəzzada son iki il ərzində baş verən hadisələr nəticəsində iqtisadiyyat 84 faiz kiçilib və sosial inkişaf səviyyəsi onilliklər geri düşüb.
Məlumata görə, fiziki infrastruktur üzrə zərər 35 milyard dolları keçib, sosial və iqtisadi itkilər isə on milyardlarla dollarla ölçülür.
Ən böyük zərər yaşayış binalarında qeydə alınıb. Bildirilir ki, yüz minlərlə ev ya dağılıb, ya da ciddi zədələnib və əhalinin böyük hissəsi yaşayış yerini itirib.
Hesabatda səhiyyə və təhsil sisteminin demək olar ki, iflic vəziyyətə düşdüyü vurğulanır. Minlərlə uşaq təhsil imkanlarından məhrum qalıb.
Bununla yanaşı, su və digər əsas xidmət infrastrukturlarında yaranan problemlərin humanitar vəziyyəti daha da ağırlaşdırdığı qeyd olunur.
Ekspertlər bildirir ki, bölgənin bərpası uzunmüddətli və mərhələli yanaşma tələb edir, ilk mərhələdə isə təcili maliyyə vəsaitlərinin ayrılması kritik əhəmiyyət daşıyır.
Analitiklərə görə, bu hesabat Qəzzadakı vəziyyətin yalnız humanitar deyil, həm də genişmiqyaslı iqtisadi və sosial böhran olduğunu təsdiqləyir.