Türkiyənin Daxili İşlər naziri Mustafa Çiftçi Kahramanmaraş şəhərindəki orta məktəblərin birində 14 yaşlı şagird tərəfindən törədilən silahlı hücum nəticəsində 8-i şagird, 1-i müəllim olmaqla 9 nəfərin həyatını itirdiyini, 13 nəfərin isə yaralandığını açıqlayıb. Hadisə ilə əlaqədar Türkiyənin Daxili İşlər, Ədliyyə, Milli Təhsil və Səhiyyə nazirləri dərhal bölgəyə gedərək Kahramanmaraş Universiteti Xəstəxanasının qarşısında birgə bəyanatla çıxış ediblər.
Baş xəbər
Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən "Mother Teresa" Universitet Xəstəxana Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yeni təchiz olunmuş pediatrik sedasiya otağının açılışı olub. Bu humanitar təşəbbüs çərçivəsində Heydər Əliyev Fondu tərəfindən müasir anesteziya aparatı və sedasiya otağının tam təchiz edilməsi üçün zəruri avadanlıqlar təqdim edilib. Tibbi və cərrahi prosedurlar zamanı sedasiyaya ehtiyacı olan pasiyentlər üçün nəzərdə tutulan otağın yaradılması Albaniya dövlət xəstəxanasında pediatrik xidmətlərin keyfiyyətinin artırılmasına bir töhfədir.
Azərbaycan və Rusiya AZAL təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub. Aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı Hörmüz boğazı ətrafında yaranan enerji böhranına baxmayaraq ölkənin enerji təminatında sabitliyin qorunduğunu bildirib. Qeyd olunub ki, ölkə enerji mənbələrinin şaxələndirilməsi və tədarükçü ölkələrin sayının artırılması istiqamətində ardıcıl addımlar atıb, eyni zamanda hidroenergetika, külək, günəş, geotermal və nüvə enerjisi sahələrində iri layihələr həyata keçirilib.
Azərbaycan Milli Xalça Muzeyində ART qlobal domeninin dəstəyi ilə multidissiplinar rəssam Mədinə Qasımovanın "Yaddaşa həkk olunan təsvir" adlı fərdi sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər. Sərginin açılış mərasimində çıxış edən Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə rəssamın son beş ildə yaratdığı 28 əsər nümayiş olunur. "Muzeyin ənənəvi texnologiya şöbəsində rəssamın eskizləri əsasında toxunan beş yeni xalça ekspozisiyanın mühüm hissəsini təşkil edir. Bu əsərlər müasir obrazın tekstildə ifadə imkanlarını nümayiş etdirərək ənənəvi sənət ilə çağdaş incəsənət arasında məzmunlu dialoq yaradır. Sərgi çərçivəsində "Analar üçün çiçəklər" əsərinin dörd təcəssümü – rəngkarlıq, xalça, vitraj və rəqəmsal interpretasiya muzeyin daimi kolleksiyasına daxil ediləcək",- deyə Ə.Məlikova əlavə edib. Layihə çərçivəsində eyni obrazın müxtəlif formalarda təcəssüm etdiyini vurğulayan direktor deyib: "Obraz rəngkarlıqdan rəqəmsal müstəviyə keçir, daha sonra vitraj, mozaika və ya xalça kimi maddi daşıyıcılarda yeni məna qazanır. Beləliklə, obraz sabit çərçivədə qalmır, transformasiya olunaraq fərqli materiallarda həyatını davam etdirir. Ekspozisiyanın daxili ritmini formalaşdıran təkrarlanan motivlər fəsillərin dəyişməsi, gül kompozisiyaları, qadın və kişi portretləri, Bakının şəhər mənzərələri və abstrakt formalar müxtəlif material və texnikalarda təqdim olunaraq vizual, emosional, immersiv mühit yaradır. Burada xalçatoxuma prosesinin səsyazması əsasında sərgi üçün xüsusi hazırlanmış səs instalyasiyası təqdim olunur". Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, bu sərgi müəllifin zəngin və güclü yaradıcı enerjisindən xəbər verir. "Mədəniyyət Nazirliyi yaradıcı insanlara xüsusi diqqət göstərir, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi üçün geniş imkanlar yaradır. Gənc rəssamların beynəlxalq səviyyədə tanınmasına şərait yaradılması prioritet məsələdir. Müəllifin fərqli vizual dili, sənətə cəsarətli yanaşması onu yaradıcılıq baxımından seçilən və yenilikçi edir. Əminik ki, sərgi həm yerli, həm də xarici ziyarətçilər üçün yaddaqalan olacaq və müasir incəsənətin inkişafına öz töhfəsini verəcək",- deyə S.Yusifova əlavə edib. Sərginin kuratoru, Almatı İncəsənət Muzeyinin inkişafı üzrə direktoru, muzeylərdə innovasiya sahəsində ekspert Vladimir Opredelenov söyləyib ki, rəssamın yaradıcılığı ənənələrə söykənərək tarixdən süzülüb gəlir və eyni zamanda müasir texnologiyalarla vəhdət təşkil edir. Sərgi mayın 15-dək davam edəcək.
2026-cı ilin aprel ayında İranla hərbi gərginliyin artması və Hürmüz boğazının qapadılması qlobal neft bazarlarında xaos yaratsa da, bu böhranın pərdəarxasında dayanan ABŞ-ın maliyyə elitası tarixin ən böyük mənfəət dövrünü yaşayır. Donald Trampın "Biz çoxlu pul qazanırıq" etirafı, müharibənin təkcə hərbi deyil, həm də mürəkkəb bir "maliyyə mühəndisliyi" layihəsi olduğunu ortaya qoyur.
Ötən şənbə günü, 11 aprel 2026-cı ildə Pakistanın paytaxtı ABŞ və İran arasında birbaşa danışıqların ilk raunduna ev sahibliyi etdi. Bu görüş tərəflərin bir həftəlik atəşkəs barədə razılığa gəlməsindən sonra baş tutub və 2015-ci il Nüvə sazişindən bəri ilk, 1979-cu il İslam İnqilabından bəri isə ən yüksək səviyyəli birbaşa təmasdır. Dünyanın Donald Trampın "bütün sivilizasiyanı məhv etmək" təhdidinin gerisayışını izlədiyi bir vaxtda, bu tarixi sülh prosesini idarə edən şəxslər kimlərdir?
ABŞ-İsrailin İrana qarşı müharibəsi sürətlə regional sərhədləri aşaraq, təkcə Yaxın Şərqdə məhdudlaşan hərbi qarşıdurma olmaqdan çıxıb, daha geniş geosiyasi ölçülərə malik hadisəyə çevrilib. Bu müharibə dövlətlərin riskləri necə dərk etdiyini, böhranlara reaksiyalarını və beynəlxalq sistemdə mövqelərini yenidən formalaşdırır.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) Baş direktoru Rafael Qrossi İranın nüvə fəaliyyətləri və ABŞ ilə davam edən müzakirələr barədə mühüm açıqlama verib. VOA xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, Qrossi uranın zənginləşdirilməsi prosesinin dayandırılması müddətinin tamamilə siyasi müstəvidə həll olunacağını bildirib.
İsrail ordusunun martın 2-dən bəri Livana qarşı həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 35 nəfər artaraq 2 min 124-ə çatıb. Livan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, hücumlar nəticəsində yaralananların ümumi sayı isə 6 min 921 nəfərə yüksəlib. Həlak olanlar arasında 168 uşaq və 254 qadın var.
Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.