Bakı, AzerVoice
Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda fəaliyyət göstərən mədən xidməti maşını yolda hərəkətdə olarkən partlayış baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.
O, hadisə yerinə sövq edilən təhlükəsizlik əməkdaşlarının Sərhəd Qoşunları ilə birgə partlayış baş verən ərazidə təhlükəsizlik tədbirləri gördüyünü və yaralıları daşıdığını açıqlayıb.
"Partlayışda bir vətəndaşımız həyatını itirib, 2-si ağır olmaqla 8 vətəndaşımız yaralanıb. Xəsarət alan vətəndaşlarımıza Silopi Dövlət Xəstəxanasında tibbi yardım göstərilib. Milli Müdafiə Nazirliyimizlə apardığımız ilkin araşdırmalar nəticəsində İraqın şimalından həyata keçirilən hücumun bölgədə fəaliyyət göstərən kömür mədəninə qarşı düşmənçilikdən qaynaqlandığı qiymətləndirilir.” – deyə Yerlikaya qeyd edib.
O bildirib ki, hadisə yerində lazımi təhlükəsizlik tədbirləri görülüb və çoxşaxəli araşdırma davam edir.
Hafiz Rufizoğlu