İran

Reuters agentliyinin Pakistan mənbəsinə istinadən yaydığı məlumata görə, Vaşinqton ilə Tehran arasında qeyri-rəsmi diplomatik səylərdə irəliləyiş qeydə alınıb. Məlumata əsasən, tərəflər arasında yaxın vaxtlarda keçirilməsi gözlənilən görüş nəticəsində ilkin mərhələdə anlaşma memorandumu, daha sonra isə 60 gün ərzində daha genişmiqyaslı razılaşmanın əldə olunması mümkündür.

ABŞ-ın müdafiə naziri Pit Heqset İranın nüvə razılaşmasını qəbul etməyəcəyi təqdirdə hərbi əməliyyatların yenidən başlanmasına hazır olduqlarını bəyan edib. Qeyd olunub ki, Hegset İranın daha əvvəl zərbə endirilmiş raket buraxılış sistemlərini yenidən aktivləşdirdiyini iddia edib və ABŞ-ın bu obyektlərin yerləşdiyi məkanlar barədə məlumatlı olduğunu vurğulayıb.

İran rəsmisi ölkənin hərbi istehsal imkanlarının kəskin şəkildə genişləndirildiyini açıqlayıb. İran Ordusunun icra başçısının müavini Əlirza Şeyx İsraillə 2025-ci ilin iyununda baş vermiş 12 günlük müharibədən sonra pilotsuz uçuş aparatlarının istehsalının 10 dəfə artdığını bildirib.

Pakistanın ordu komandanı Tehranda İran rəsmiləri ilə görüşərək ABŞ və İran arasında danışıqların yenidən başlanmasına nail olmaq üçün vasitəçilik səylərini davam etdirir. Qeyd olunub ki, Vaşinqton İran üzərinə iqtisadi təzyiqi artırmaq niyyətindədir və yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Bu addım ABŞ rəsmiləri tərəfindən “maliyyə baxımından bombardman ekvivalenti” kimi qiymətləndirilir.

İran rəsmisi atəşkəs rejiminə baxmayaraq hərbi hazırlığın davam etdiyini bildirib. İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi Niya ABŞ ilə əldə olunan atəşkəsin ölkələri üçün faktiki olaraq müharibə şəraitindən fərqlənmədiyini açıqlayıb. Məlumata əsasən, o, televiziya çıxışında İran Silahlı Qüvvələrinin hər zaman döyüş hazırlığında olduğunu vurğulayıb.

İranda təhsil sistemi ilə bağlı mühüm qərar qəbul edilib.Məlumata əsasən, bu barədə Təhsil Nazirliyinin sözçüsü açıqlama verərək bildirib ki, yeni sistem aprelin 21-dən etibarən tətbiq olunacaq. Bildirilib ki, qərarın konkret səbəbləri ilə bağlı hələlik rəsmi və ətraflı məlumat verilməyib, lakin mövcud şərait nəzərə alınaraq qəbul edildiyi vurğulanıb.

Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-ın ismarışını çatdırmaq və iki ölkə arasında danışıqların ikinci raundunu planlaşdırmaq məqsədilə İrana yola düşdüyü bildirilib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə Pakistanın yüksək rütbəli hərbi heyəti artıq İslamabaddan Tehrana hərəkət edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə aparılan sülh müzakirələri çərçivəsində bu gün Pakistandan olan nümayəndə heyətini qəbul edəcəklərini bildirib. Sözçü qeyd edib ki, Pakistandakı danışıqların əsas məqsədi müharibənin dayandırılması və İranın tələblərinin müzakirə edilməsidir. Görüş zamanı tərəflərin mövqelərinin təfərrüatlı şəkildə nəzərdən keçiriləcəyi vurğulanıb.

ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub. Aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.