BAKI,VOA, Fərid Mikayılov
İran Hörmüz boğazının qismən açılması ilə bağlı Omanla razılaşmanın əldə edilməsi üçün ABŞ qarşısında bir sıra şərtlər irəli sürüb. Tehranın tələbləri arasında müharibə nəticəsində dəymiş zərərə görə təzminatın ödənilməsi də yer alır.
VOA xəbər verir ki, İran ABŞ-nin irəli sürülən altı əsas şərti yerinə yetirməyəcəyi təqdirdə Hörmüz boğazının bağlı qalacağı barədə xəbərdarlıq edib. Tehran boğazın qismən açılmasına imkan verəcək mexanizmlə bağlı Omanla danışıqları davam etdirir.
İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Məhəmməd Baqir Zülqədr bildirib ki, ABŞ İran və onun Livan, Fələstin, Yəmən və İraqdakı müttəfiqlərinə qarşı müharibə və hücumları birdəfəlik dayandırmaq da daxil olmaqla, Tehranın müəyyən etdiyi altı şərti yerinə yetirməlidir.
İranın tələbləri arasında ABŞ tərəfindən müharibə təzminatının ödənilməsi də var. Tehran bu şərtlərin təmin edilməyəcəyi halda strateji əhəmiyyət daşıyan Hörmüz boğazının tam şəkildə açılmayacağını bildirir.
Tramp: İranla danışıqları tələsmədən aparırıq
ABŞ Prezidenti Donald Tramp isə İranla müharibənin dayandırılması və Hörmüz boğazında gəmiçiliyin bərpası məqsədilə aparılan danışıqların faktiki olaraq dalana dirənməsi fonunda Vaşinqtonun prosesi sürətləndirməyə çalışmadığını bildirib.
Tramp “Axios”a açıqlamasında İranla danışıqların məhdud səviyyədə davam etdiyini deyib. ABŞ Prezidenti İran iqtisadiyyatındakı yüksək inflyasiyaya və Tehranın maliyyə imkanlarının zəifləməsinə diqqət çəkərək Vaşinqtonun hazırda prosesləri izlədiyini bildirib.
Beləliklə, tərəflər arasında əsas fikir ayrılıqlarından biri Hörmüz boğazının yenidən açılmasının hansı siyasi, təhlükəsizlik və maliyyə şərtləri əsasında həyata keçiriləcəyi ilə bağlıdır.
Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab edilən Hörmüz boğazındakı vəziyyət qlobal neft və qaz bazarları üçün də xüsusi əhəmiyyət daşıyır. Boğazda gəmiçiliyin məhdudlaşdırılması enerji tədarükü və beynəlxalq dəniz daşımaları ilə bağlı riskləri artırır.
ABŞ silah istehsalını sürətləndirir
İranla qarşıdurmanın ABŞ-nin raket ehtiyatlarına təsiri fonunda Vaşinqton müdafiə sənayesi şirkətlərindən silah istehsalının əhəmiyyətli dərəcədə artırılmasını tələb edib.
ABŞ müdafiə nazirinin müavini Stiv Faynberqin müdafiə şirkətlərinə kritik hərbi imkanlar üzrə daha sürətli istehsal və təchizat planları hazırlamaq üçün üç həftə vaxt verdiyi bildirilir.
“The Washington Post”un əldə etdiyi qeydə əsasən, Faynberq uzun illər tələb edən istehsal və inkişaf proseslərinin qəbuledilməz olduğunu bildirərək proqramların sürətləndirilməsi və istehsal gücünün genişləndirilməsinin vacibliyini vurğulayıb.