BAKI,VOA, Orxan Qədirzadə
İranın müxtəlif bölgələrində yerləşən strateji hərbi obyektlər və hava limanları intensiv bombardmanlar nəticəsində ciddi zərər görüb.
VOA xəbər verir ki, "Sentinel-2" platforması tərəfindən 2026-cı il aprelin 3-də çəkilmiş peyk görüntüləri Tehranın cənub-şərqindəki İvanki bölgəsində yerləşən gücləndirilmiş hərbi kompleksin daxilində genişmiqyaslı dağıntıların olduğunu nümayiş etdirir. Aparılan vizual müqayisələr və təsvirlərin təhlili göstərir ki, cari ilin həyata keçirilən hücumlar kompleksin şimal və cənub-qərb hissələrindəki binaların strukturunu tamamilə dəyişib. Dağıntıların xarakteri hədəflərin birbaşa vurulduğunu və zərbələrin mərhələli şəkildə davam etdirildiyini sübut edir.
Aprelin 6-da əldə edilən digər görüntülər isə Tehranın şərqində yerləşən "Xatəm əl-Ənbiya" hava hücumundan müdafiə qərargahının mərkəzi sektorunda bir neçə binanın yerlə-yeksan olduğunu ortaya qoyub. Eyni zamanda, paytaxtın Mehrabad hava limanına təşkil edilən hava hücumları nəticəsində iki təyyarənin məhv edildiyi, hava limanının infrastrukturuna isə ciddi ziyan dəydiyi qeyd olunur. Peyk təhlilləri yanğın izlərinin məhz təyyarələrin dayandığı sahələrdə cəmləşdiyini, mülki binaların və əsas uçuş zolağının zərər görmədiyini təsdiqləyir.
Ölkənin ən mühüm hərbi hava bazalarından biri sayılan Həmədan bazası da ağır zərbələrə məruz qalıb. Martın 6-da qeydə alınan görüntülər əsas və köməkçi uçuş zolaqlarında 13 fərqli nöqtədə dağıntıların olduğunu göstərir ki, bu da bazanın fəaliyyətinin tamamilə iflic olması deməkdir. Maraqlıdır ki, müharibədən əvvəlki dövrdə, xüsusilə 2025-ci ilin iyunundan bəri İran bu bazada hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi və qırıcı anbarlarının genişləndirilməsi istiqamətində intensiv tikinti işləri aparsa da, son zərbələr bazanın əməliyyat imkanlarını sıradan çıxarıb.
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının 40-cı günündə ABŞ Prezidenti Donald Tramp bombalamaların bir həftəlik dayandırılmasına razılıq verdiyini açıqlayıb. Lakin bu atəşkəsin qüvvəyə minməsi üçün rəsmi Tehranın Hörmüz boğazını tam və təhlükəsiz şəkildə beynəlxalq gəmiçilik üçün açması şərti irəli sürülüb.