BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran Silahlı Qüvvələrinin general-mayoru və Baş Qərargah rəisinin müşaviri Cəmşid İshaqinin öldürüldüyünü rəsmən təsdiqləyib.
VOA xəbər verir ki, bu barədə məlumat SEPAH-ın yaydığı rəsmi bəyanatda yer alıb.
İran mediası tərəfindən tirajlanan bəyanatda qeyd olunur ki, həyata keçirilən hücum nəticəsində general İshaqi ilə yanaşı, onun ailəsinin bir neçə üzvü də həlak olub. SEPAH hücumun təfərrüatları və harada baş verməsi barədə əlavə məlumat verməyib.
Komanda heyətinə ağır zərbələr
Bu gün səhər saatlarında İran dövlət mediası həmçinin İsrailin hücumu nəticəsində öldürülən SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Əlirza Təngsirinin dəfn mərasiminin bazar ertəsi keçiriləcəyini elan edib.
Ardıcıl baş verən bu itkilər 2026-cı il müharibəsinin İranın hərbi komanda mərkəzlərinə və yüksək rütbəli zabit heyətinə qarşı sistemli şəkildə yönəldiyini göstərir. Baş Qərargah müşavirinin ailəsi ilə birlikdə hədəf alınması hücumların dəqiqliyi və kəşfiyyat miqyası barədə mühüm suallar doğurur.