BAKI,VOA, Fərid Mikayılov
Hörmüz boğazından son iki gün ərzində cəmi 7 ticarət gəmisinin keçid etdiyi bildirilib.
VOA xəbər verir ki, martın 25-də boğazdan 2, martın 26-da isə 5 gəmi keçib. ABŞ–İsrail və İran arasında artan gərginlik fonunda bölgədə gəmi hərəkəti kəskin şəkildə azalıb.
Dəniz nəqliyyatı izləmə platformalarının məlumatına əsasən, martın 25-də “Egret” və “Savona” adlı neft və kimyəvi yük tankerləri boş vəziyyətdə boğazın şərqindən qərbinə doğru hərəkət edib.
Martın 26-da isə “Christianna” və “NJ Jupiter” adlı quru yük gəmiləri yüklü halda eyni istiqamətdə keçid edib. Bundan əlavə, “Niba” və “Salute” LPG tankerləri, eləcə də “Alexandra” adlı neft məhsulları tankeri qərbdən şərqə doğru hərəkət edib.
Böyük Britaniyanın Dəniz Ticarəti Təşkilatının məlumatına görə, normal şəraitdə Hörmüz boğazından gündəlik orta hesabla 138 gəmi keçirdi.
Qeyd olunur ki, qlobal dəniz ticarəti üçün strateji əhəmiyyət daşıyan bu marşrutda hərəkətin kəskin azalması tədarük zəncirlərinə və qiymətlərə mənfi təsir göstərməkdə davam edir.