BAKI,VOA Orxan Qədirzadə
Liviyanın şərqindəki Benqazi şəhərində hərbi kəşfiyyat xidmətinin rəhbəri general-mayor Fövzi əl-Mənsuri avtomobilinin partladılması nəticəsində öldürülüb.
Şərqi Liviya hakimiyyətinin məlumatına görə, hadisə bazar ertəsi axşam Benqazinin əl-Həvari bölgəsində baş verib. Əl-Mənsurinin avtomobili partlayıcı qurğu ilə partladılıb.
Yerli media və sosial şəbəkə hesablarında hadisə zamanı avtomobilin yandığını əks etdirən görüntülər yayılıb. Bildirilib ki, partlayışın hədəfi hərbi kəşfiyyat rəhbəri olub.
Reuters-ə danışan iki təhlükəsizlik mənbəyi generalın partlayış nəticəsində öldüyünü təsdiqləyib. Mənbələr hücumun arxasında kimin dayandığını açıqlamayıb və istifadə olunan partlayıcı qurğu ilə bağlı əlavə məlumat verməyib.
Şərqi Liviya hakimiyyəti generalın öldürülməsini pisləyib və hadisənin bütün təfərrüatlarının araşdırılması, hücumun təşkilatçı və icraçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün aidiyyəti qurumlara tapşırıq verib.
Fövzi əl-Mənsuri 2024-cü ildə Benqazidə hərbi kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib və ona general-mayor rütbəsi verilib.
Hücumun motivi və məsul şəxslərin kimliyi hələlik məlum deyil.