"Offlimits" musiqi festivalının təşkilatçıları 2026-cı il buraxılışının baş tutmayacağını, lakin layihənin gələn il Əbu-Dabiyə qayıdacağını açıqlayıblar.
Festivalın sosial media hesablarında yayımlanan bildirişdə "Offlimits 2026 ləğv edildi" qeydi yer alıb və bütün biletlərin məbləğinin alındığı ilkin bilet platforması vasitəsilə avtomatik şəkildə geri qaytarılacağı vurğulanıb. Qərarın səbəbi açıqlanmayıb. Paylaşımda "2027-ci ildə 'Offlimits'in növbəti buraxılışında sizi salamlamağı səbirsizliklə gözləyirik" sözləri qeyd olunub və əlavə təfərrüatların daha sonra təqdim ediləcəyi bildirilib.
Səudiyyənin “Gimmix” rok qrupu ilk dəfə beynəlxalq turneyə çıxıb
Bu il festivalın 21 noyabr tarixində Yas adasındakı "Etihad Park" kompleksində keçirilməsi və kolumbiyalı ulduz Şakiranın əsas ifaçı kimi səhnəyə çıxması planlaşdırılırdı. Proqramda həmçinin "Jonas Brothers", "NE-YO", "Biffy Clyro", "KALEO", Mayls Smit, "Scouting for Girls" və "Toploader" kimi məşhur qruplar və ifaçılar, eləcə də regiondan "Bayou", Yara Mustafa və "YAZ" kimi adlar yer almışdı.
2026-cı il buraxılışının ilkin olaraq 4 aprel tarixində keçirilməsi nəzərdə tutulsa da, təşkilatçılar həmin vaxt yaranan regional gərginlikləri əsas gətirərək tarixi noyabr ayına dəyişmişdilər.
"Offlimits" ilk dəfə ötən il aprelin 26-da britaniyalı müğənni Ed Şiranın baş ifaçılığı ilə debüt etmiş və gecədə "OneRepublic", "Faithless", "Kaiser Chiefs" və "Artbat" kimi ulduzlar çıxış etmişdi. 32 min nəfərlik auditoriya üçün təşkil olunan layihə BƏƏ-nin ilk açıq formatlı musiqi festivalı və ölkənin bir gündə keçirilən ən böyük musiqi hadisəsi kimi təqdim olunmuşdu.