"The Voice of China" realiti-şousunun ən gənc qalibi, çinli müğənni və bəstəkar Şan Yiçun Makaodakı "Galaxy Arena" kompleksində keçirilən yeddinci "Tencent Music Entertainment Awards" mükafatlandırma mərasiminə Livan kutyuryesi Jorj Hobeykanın (Georges Hobeika) imzaladığı geyimdə qatılıb.
Brendin 2024-cü il Payız "Haute Couture" kolleksiyasına aid tünd-bənövşəyi libas uzun, dar qolları, kvadrat yaxalığı və bel hissəsindəki albalı tonlu dramatik lələk zolağı ilə diqqət çəkib. Paris Yüksək Dəb Həftəsində nümayiş olunan bu kolleksiya Ceyms MakKrininin (James McCrae) "Yer kürəsini ziyarət etməzdən əvvəl təlimatlar" (Instructions Before Visiting Earth) şeirindən ilhamlanaraq həyatı maraq və heyranlıqla qarşılamaq konsepsiyası üzərində qurulub.
Nur Rizk (Nour Rizk), inflyuenser Bekka Blum (Becca Bloom), çinli aktrisa Fan Binbin (Fan Bingbing) və tunisli aparıcı Meryem Bukadida (Myriem Boukadida) kimi beynəlxalq simalar yer alıb.
Dəb evinin Beyrut və Paris emalatxanalarında ərsəyə gələn kolleksiya brendin vizit kartı sayılan incə əl işçiliyini bir daha nümayiş etdirib. Mürəkkəb naxışlar, parıldayan muncuq bəzəkləri və axıcı parça seçimi suyun hərəkətini xatırladıb, tor (dantel) isə kolleksiyanın əsas materialı kimi önə çıxıb. Rəng palitrası açıq mavi, nəfis bej, adaçayı yaşılı və tozlu qızılgül tonlarından ibarət olub, dramatik qara geyimlər isə kolleksiyaya dərinlik qatıb.
1995-ci ildə Jorj Hobeyka tərəfindən əsası qoyulan Beyrut mərkəzli dəb evi Paris Yüksək Dəb təqviminin ayrılmaz hissəsinə çevrilib. Ötən il brendin 30 illik yubileyi münasibətilə yayımlanan sənədli filmdə kutyuryenin oğlu Jad Hobeyka atasının irsini davam etdirməkdən bəhs edib.
"Jorj ilə çalışarkən hiss edirsən ki, o, Yaxın Şərqdə unikal bir dəb dünyası yaradıb. O, işində son dərəcə peşəkar və perfektsionistdir. Mən isə daha dağınıq adamam, sınaqlar keçirməyi, vərdiş olunmuş normalara uymayan şeylər yaratmağı sevirəm. Lakin əsas məsələ indiyədək yaradılan bütün gözəllikləri qoruyub saxlamaq və onları hər mövsüm daha da inkişaf etdirməkdir", — deyə Jad "Instagram" səhifəsində paylaşılan videoda bildirib.